1883-cü ildə İndoneziyada baş verən Krakatau vulkanının püskürməsi bəşər tarixinin ən gur və dağıdıcı təbiət hadisələrindən biri hesab olunur. Alimlərin hesablamalarına görə, partlayışın yaratdığı səs dalğası təxminən 310 desibel gücündə olub və bu göstərici indiyədək qeydə alınmış ən yüksək səviyyələrdən biri sayılır.
Mütəxəssislər bildirirlər ki, bu hadisə adi səsdən daha çox, qlobal miqyasda hiss olunan nəhəng zərbə dalğası idi. Vulkanın yaratdığı akustik təzyiq o qədər güclü olub ki, səs Yer kürəsini bir neçə dəfə dövr edib. Partlayışın uğultusu Avstraliya və Hind okeanının uzaq bölgələrində belə eşidilib.
Minlərlə insanın həyatına son qoyan fəlakət
20 may 1883-cü ildə baş verən püskürmə nəticəsində təxminən 60 min insan həyatını itirib. Vulkanın yaratdığı enerji yüz milyonlarla ton trotil partlayışına bərabər qiymətləndirilir. Hadisə zamanı yaranan sunami dalğaları sahil bölgələrini dağıdıb, atmosferə qalxan kül buludları isə aylarla dünyanın müxtəlif yerlərində günəşin və ayın rəngini dəyişib.
Britaniyanın “RMS Norham Castle” gəmisinin kapitanı həmin anları “qiyamət səhnəsi” kimi təsvir edib. Onun sözlərinə görə, partlayışın təsirindən ekipaj üzvlərinin bir qisminin qulaq pərdələri zədələnmişdi.
“Çar bombası” və Tunqus partlayışı da siyahıda
Tarixin ən güclü insan mənşəli partlayışı isə 1961-ci ildə SSRİ tərəfindən sınaqdan keçirilən “Çar bombası” hesab olunur. Təxminən 224 desibel gücündə olduğu bildirilən partlayış Hiroşimaya atılan atom bombasından minlərlə dəfə güclü idi.
1908-ci ildə Sibirdə baş verən Tunqus hadisəsi də ən güclü təbii partlayışlardan biri sayılır. Tədqiqatçılar həmin partlayışın təxminən 300 desibelə yaxın təsir yaratdığını qeyd edirlər.
Alimlər vurğulayırlar ki, desibel şkalası loqarifmik olduğuna görə səs səviyyəsindəki kiçik artım belə enerji baxımından çox böyük fərq yaradır. Məhz buna görə Krakatau partlayışı hələ də Yer tarixinin ən sarsıdıcı akustik hadisəsi hesab edilir.





