Azərbaycanda sosial şəbəkələr və digər rəqəmsal platformaların fəaliyyəti ilə bağlı yeni tələblərin tətbiqi nəzərdə tutulur. Milli Məclisə təqdim edilən qanun layihəsinə əsasən, ölkə ərazisində istifadəçilərə xidmət göstərən provayderlər üçün qeydiyyat, hesabatlılıq və dövlət qurumları ilə əməkdaşlıq sahəsində əlavə öhdəliklər müəyyənləşdirilir.
Layihəyə görə, Azərbaycanda fəaliyyət göstərən provayder fiziki şəxsdirsə vergi uçotuna alınmalı, hüquqi şəxs olduqda isə dövlət qeydiyyatından keçməlidir. Xarici şirkətlər isə ölkədə filial və ya nümayəndəlik yaratmaqla fəaliyyət göstərə biləcəklər. Bununla yanaşı, həmin nümayəndəliklərin kommersiya fəaliyyəti ilə məşğul olması nəzərdə tutulmur.
Provayderlər üçün yeni öhdəliklər
Təklif edilən dəyişikliklərə əsasən, platformalar dövlət qurumlarının operativ əlaqə saxlaması üçün xüsusi əlaqə mərkəzi yaratmalı və istifadəçilərə Azərbaycan dilində müraciət imkanını təmin etməlidirlər.
Bundan başqa, müvafiq dövlət qurumları tərəfindən göndərilən sorğular ən geci beş iş günü ərzində cavablandırılmalı, tələb olunan məlumatlar tam və düzgün şəkildə təqdim edilməlidir. Xarici provayderlərin Azərbaycandakı nümayəndəlikləri isə dövlət orqanları və vətəndaşlarla münasibətlərdə şirkəti təmsil etmək səlahiyyətinə malik olacaq.
Tələblərə əməl etməyənləri mərhələli sanksiyalar gözləyir
Qanun layihəsində öhdəlikləri yerinə yetirməyən platformalara qarşı tətbiq olunacaq tədbirlər də ətraflı göstərilib. Əvvəlcə provayderə rəsmi xəbərdarlıq ediləcək. Tələb yerinə yetirilmədiyi halda isə mərhələli şəkildə maliyyə və texniki məhdudiyyətlər tətbiq olunacaq:
- İlk mərhələdə 100 min manat maliyyə sanksiyası
- Daha sonra əlavə 300 min manat cərimə
- Azərbaycanda fəaliyyət göstərən vergi ödəyicilərinin həmin platformada reklam yerləşdirməsinə qadağa
- Məhkəmə qərarı əsasında internet trafikinin əvvəlcə 20 faiz, sonra 50 faiz və sonda 90 faizədək azaldılması
Layihədə həmçinin qeyd olunur ki, provayder müəyyən edilmiş tələbləri sonradan yerinə yetirərsə, tətbiq olunmuş sanksiyaların bir hissəsinə güzəşt edilə və tətbiq olunan məhdudiyyətlər qısa müddətdə aradan qaldırıla bilər.
Yeni qaydaların qəbul ediləcəyi təqdirdə, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq sosial şəbəkələr və rəqəmsal xidmət platformaları yerli qanunvericiliyin tələblərinə uyğunlaşmaq üçün əlavə addımlar atmalı olacaqlar.





