Yaxın Şərqdə gərginlik daha da artıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ərazisində yerləşən iki mühüm hərbi obyektə raket zərbələri endirdiyini açıqlayıb. Məlumata görə, hədəflər Nevatim və Tel-Nof aviabazaları olub.
“The Times of Israel” nəşrinin SEPAH-ın rəsmi bəyanatına istinadən yaydığı xəbərdə bildirilir ki, əməliyyat İsrailin daha əvvəl İranın müxtəlif bölgələrində yerləşən radiolokasiya sistemlərinə endirdiyi raket zərbələrinə cavab xarakteri daşıyıb. İran tərəfi hücumun xəbərdarlıq məqsədi daşıdığını və qarşı tərəfin hərəkətlərinə reaksiya olduğunu vurğulayıb.
İyunun 7-dən 8-nə keçən gecə İran tərəfindən İsrail istiqamətinə raketlər buraxılıb. Tehran bu addımı İsrail ordusunun Livanda “Hizbullah”a qarşı davam etdirdiyi hərbi əməliyyatlarla əlaqələndirib. Bunun ardınca İsrail Silahlı Qüvvələri İranın mərkəzi və qərb hissələrində yerləşən bir sıra hərbi obyektlərə zərbələr endirib.
İsrail Müdafiə Ordusu isə səhər saatlarında yaydığı açıqlamada İran tərəfindən atılan bütün raketlərin hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirildiyini bildirib. Rəsmi Tel-Əviv hücumların ciddi nəticələr doğurmadığını qeyd etsə də, bölgədə təhlükəsizlik səviyyəsi maksimum həddə çatdırılıb.
Vaşinqtonun çağırışları nəticəsiz qaldı
ABŞ Prezidenti Donald Tramp tərəfləri təmkinli davranmağa və vəziyyəti daha da gərginləşdirməməyə çağırsa da, diplomatik səylər hələlik nəticə verməyib. İran rəsmiləri və yüksək rütbəli hərbi nümayəndələr son günlərdə dəfələrlə bəyan ediblər ki, qarşıdurma genişlənəcəyi təqdirdə İsrailə, ABŞ-yə və onların regional müttəfiqlərinə qarşı yeni raket hücumları həyata keçirilə bilər.
Analitiklər hesab edirlər ki, qarşılıqlı hərbi əməliyyatların intensivləşməsi regionda daha genişmiqyaslı təhlükəsizlik böhranı yarada bilər. Xüsusilə İran və İsrail arasında birbaşa toqquşmaların artması Yaxın Şərqdə onsuz da mürəkkəb olan geosiyasi vəziyyəti daha da çətinləşdirir.





