2026-cı il dünya çempionatında ilk turun son oyunları daha iki heç-heçə ilə yadda qalıb.
Mayamidə keçirilən H qrupu matçında Uruqvay topa daha çox nəzarət etsə də, ilk hissənin sonlarına yaxın hesabı açan tərəf Səudiyyə Ərəbistanı oldu. Əl-Əmrinin qolu ilə önə keçən Asiya təmsilçisi fasiləyə üstün yollandı və ikinci hissədə uzun müddət rəqibin təzyiqinə tab gətirdi.
Uruqvay yığması oyunun gedişində hücumlarını artırdı və nəhayət, 80-ci dəqiqədə Maksimiliano Arauxonun qolu sayəsində 1:1 hesabını təmin etdi. Qalan vaxtda Cənubi Amerika təmsilçisi qələbə üçün irəli atılsa da, Səudiyyə Ərəbistanı müdafiədə səhvə yol vermədi.
DÇ-2026. H qrupu, 1-ci tur

Beləliklə, H qrupunda ilk turun bütün görüşləri bərabərliklə başa çatıb. Daha əvvəl İspaniya ilə Kabo-Verde arasında keçirilən qarşılaşmada da hesab açılmamışdı.
Yeni Zelandiya qələbəyə yaxın idi

G qrupunda İran və Yeni Zelandiya arasında keçirilən oyun isə daha açıq futbol şəraitində keçdi. Yeni Zelandiya erkən qolla hesabda önə çıxdı və Elayca Castın dəqiq zərbəsi ilə üstünlük qazandı.
İran ilk hissədə hesabı bərabərləşdirsə də, ikinci yarıda Cast yenidən fərqlənərək komandasını önə keçirdi. Bununla belə, iranlılar geri dönməyi bacardılar və Möhəbbinin qolu sayəsində 2:2 hesablı heç-heçə əldə etdilər.
DÇ-2026. G qrupu, 1-ci tur

Bu nəticə G qrupunda da maraqlı vəziyyət formalaşdırıb. Çünki qrupun digər oyununda Belçika və Misir də 1:1 hesablı bərabərliyə razılaşmışdı. Nəticədə ilk turdan sonra bütün komandalar eyni xala malikdir və pley-off uğrunda mübarizə daha da gərginləşib.





