ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) son vaxtlar ictimaiyyətə açılan arxiv materialları arasında diqqət çəkən bir məqam ortaya çıxıb. Britaniyanın Daily Mirror nəşrinin yaydığı məlumata görə, sənədlərdə Ayın uzaq tərəfində yerləşən naməlum obyektlə bağlı maraqlı müzakirələr yer alıb.
Söhbət ABŞ hökuməti tərəfindən açıqlanan və Pentaqonun arxivində yerləşdirilən onlarla sənəddən birində qeydə alınmış audioyazıdan gedir. Məlumata əsasən, bu material 1972-ci ildə həyata keçirilən və Ay səthinə beşinci insan enişi ilə yadda qalan “Apollo-16” missiyasından sonra keçirilmiş qapalı müşavirəyə aiddir.
Müzakirələrdə hansı ehtimal səsləndirilib?
Audioyazıda NASA əməkdaşlarının Ayın qravitasiya xüsusiyyətləri, lazer ölçmələri və missiya zamanı əldə olunan görüntülər üzərində fikir mübadiləsi apardığı bildirilir. Müzakirə zamanı iştirakçılar Ayın görünməyən tərəfində, Van de Qraaf kraterinin yaxınlığında yerləşdiyi deyilən böyük bir formasiya barədə danışırlar.
Həmin anda iştirakçılardan biri yarızarafat, yarıciddi şəkildə bunun “yadplanetlilərə məxsus baza və ya ona bənzər obyekt ola biləcəyini” söyləyib. Lakin sonrakı danışıqdan görünür ki, bu fikir elmi nəticə kimi deyil, daha çox ehtimal və zarafat xarakterli mülahizə kimi səsləndirilib.
Müşavirənin davamında alimlər sözügedən obyekt barədə qeyri-rəsmi şəkildə zarafatlaşmağa davam ediblər. Buna baxmayaraq, audioyazının açıqlanması sosial şəbəkələrdə və kosmos mövzularını izləyən dairələrdə geniş müzakirələrə səbəb olub.
NASA isə indiyədək Ayda yadplanetli bazasının mövcudluğunu təsdiqləyən hər hansı elmi sübut təqdim etməyib. Hazırda Ayın səthi və geoloji quruluşu ilə bağlı məlumatlar əsasən müxtəlif kosmik missiyalar və peyk müşahidələri vasitəsilə öyrənilməyə davam edir.





