Azərbaycanda kibertəhlükəsizlik sahəsində məsuliyyət tədbirlərinin sərtləşdirilməsi nəzərdə tutulur. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb və sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Təklif olunan yeniliklər informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində fəaliyyət göstərən qurumların və şirkətlərin məsuliyyətini artırmağa yönəlib. Dəyişikliklər qəbul edilərsə, kibertəhdidlərə qarşı mübarizə, kiberinsidentlər barədə məlumatların təqdim olunması və dövlət qurumlarının sorğularının vaxtında cavablandırılması ilə bağlı tələbləri pozan şəxslər inzibati məsuliyyət daşıyacaqlar.
Hansı pozuntular cərimələnəcək?
Layihəyə əsasən aşağıdakı hallara görə cərimələr tətbiq olunacaq:
- Kibertəhlükəsizliyin təmin olunması ilə bağlı səlahiyyətli qurumun göstərişlərinin yerinə yetirilməməsi;
- Kiberhücumlar, kibertəhdidlər və kiberinsidentlər barədə məlumatların dərhal təqdim edilməməsi;
- Kibertəhlükəsizlik və rəqəmsal araşdırmalarla bağlı sorğuların müəyyən edilmiş müddətlərdə cavablandırılmaması;
- Kiberinsidentlərin real vaxt rejimində monitorinq edilməməsi və ilkin texniki tədbirlərin görülməməsi;
- İnformasiya infrastrukturu üçün müəyyən edilən ümumi və xüsusi təhlükəsizlik tələblərinin pozulması;
- Rəqəmsal və proaktiv kibertəhlükəsizlik araşdırmalarına şərait yaradılmaması;
- Araşdırmalar zamanı əldə edilən məlumatların dəyişdirilməsi, silinməsi, saxtalaşdırılması və ya bütövlüyünün qorunmaması.
Bu hallarda vəzifəli şəxslər 500 manatdan 1000 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 2000 manatadək məbləğdə cərimələnə bilərlər.
Reyestrdənkənar fəaliyyətə görə daha yüksək cərimə
Dəyişikliklər kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri və təhlükəsizlik əməliyyatları mərkəzlərinin fəaliyyətini də əhatə edir. Müvafiq dövlət reyestrinə daxil edilmədən belə fəaliyyət göstərən qurumlar üçün ayrıca məsuliyyət müəyyənləşdirilir.
Bu halda vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2500 manatadək cərimə ediləcəklər.
Qanun layihəsinin əsas məqsədi kritik informasiya infrastrukturunun müdafiəsini gücləndirmək, kiberhücumlara operativ reaksiya imkanlarını artırmaq və rəqəmsal mühitdə təhlükəsizlik standartlarına riayət olunmasını təmin etməkdir.





