Argentina və Avstriya arasında keçirilən qarşılaşmada hadisələrin mərkəzində Lionel Messi dayanıb. Dünya çempionlarının kapitanı hələ oyunun əvvəlində hesabı aça bilərdi, lakin 9-cu dəqiqədə yerinə yetirdiyi penalti zərbəsini qola çevirə bilmədi. Buna baxmayaraq, təcrübəli hücumçu sonradan komandası üçün həlledici rol oynadı.
İlk hissənin sonlarına yaxın Messi hesabı açdı, əlavə vaxtda isə ikinci dəfə rəqib qapısına yol taparaq matçın yekun nəticəsini müəyyənləşdirdi. Beləliklə, Argentina Avstriyanı 2:0 hesabı ilə məğlub etdi və qrupda maksimum 6 xal toplayaraq növbəti mərhələyə yüksəldi.
Bu dubldan sonra Messi dünya çempionatları tarixinin ən məhsuldar futbolçusu kimi mövqeyini daha da möhkəmləndirdi. Argentinalı ulduz mundiallarda vurduğu qolların sayını 18-ə çatdıraraq rekordunu yenilədi.
DÇ-2026. J qrupu, II tur – 22 iyun

Fırtınalı gecədə Fransa üstün oldu

Fransa və İraq arasında keçirilən görüş isə yalnız nəticə ilə deyil, uzun fasilə ilə də yadda qaldı. Filadelfiyada ilk hissənin sonlarında başlayan güclü yağış və ildırım təhlükəsi səbəbindən ikinci hissənin startı təxminən iki saat gecikdirildi.
Fasiləyə qədər hesabı Kilian Mbappe açmışdı. Oyunun bərpasından sonra Didye Deşamın komandası rəqib üzərində tam üstünlük qurdu. İraq müdafiəsinin kobud səhvindən yararlanan Mbappe ikinci qolunu vurdu. Bir neçə dəqiqə sonra isə Usman Dembele fərqlənərək Fransa yığmasının üstünlüyünü daha da artırdı.
Nəticədə Fransa İraqı 3:0 hesabı ilə məğlub etdi və ardıcıl ikinci qələbəsini qazanaraq pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirdi. Mbappe mundiallardakı qollarının sayını 16-ya yüksəldərək Miroslav Klozenin göstəricisinə çatdı. Hazırda bu siyahıda ondan öndə yalnız Lionel Messi qərarlaşır.
DÇ-2026. I qrupu, II tur – 22 iyun






