Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, ABŞ Konqresində qəbul edilən 907-ci düzəliş ölkəyə qarşı ədalətsiz qərar olub və onun təşəbbüskarları ermənipərəst senatorlar idi. Dövlət başçısı bu fikirləri Şuşada keçirilən IV Qlobal Media Forumunun açılış mərasimində, “Medianın sülhün təşviqində missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda çıxışı zamanı səsləndirib.
Prezident qeyd edib ki, keçmiş ABŞ prezidenti Co Bayden də həmin senatorlar sırasında yer alıb və bu amil Bayden administrasiyası dövründə Azərbaycanla münasibətlərə mənfi təsir göstərib.
“Məhz buna görə Azərbaycan ABŞ-ın maliyyə yardımından məhrum edildi. Eyni zamanda, guya Azərbaycanın Ermənistana qarşı blokada yaratdığı barədə yanlış təsəvvür formalaşdırılmışdı”, – deyə İlham Əliyev bildirib.
Dövlət başçısının sözlərinə görə, hazırkı geosiyasi reallıq fonunda bu düzəliş öz əhəmiyyətini tamamilə itirib. O bildirib ki, Azərbaycan və Ermənistan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişini paraflayıb. Bundan əlavə, Azərbaycan Ermənistanla bağlı bütün birtərəfli məhdudiyyətləri aradan qaldırıb.
Prezident vurğulayıb ki, bu müddətdə Rusiya, Qazaxıstan və digər ölkələrdən Ermənistana Azərbaycan ərazisi vasitəsilə 40 min tondan artıq müxtəlif yük daşınıb. Eyni zamanda, Azərbaycan Ermənistana neft məhsullarının ixracına başlayıb və tədarükün həcmi artıq 10 min tonu keçib. İlham Əliyev çıxışında 907-ci düzəlişin tam ləğv edilməsinin vacibliyini də qeyd edib.
“Təəssüf ki, Prezident Trampın qəti mövqeyinə baxmayaraq, bu düzəliş hələ də qüvvədədir. ABŞ Konqresi onu nə qədər tez ləğv etsə, bir o qədər yaxşı olar. Bu, Azərbaycana qarşı diskriminasiyanın aradan qaldırılması və Konqresin mövcud geosiyasi reallıqları nəzərə aldığını göstərən addım olacaq”, – deyə Prezident bildirib.





