EvŞou-biznesKventin Tarantinonun son filmi nə vaxt çıxacaq? Rejissor kino ilə vidalaşmağa hazırlaşır

Kventin Tarantinonun son filmi nə vaxt çıxacaq? Rejissor kino ilə vidalaşmağa hazırlaşır

Kventin Tarantino altı ildən artıqdır ki, yeni tammetrajlı film təqdim etməyib. Rejissorun son ekran işi 2019-cu ildə nümayiş olunan “Once Upon a Time in Hollywood” olub.

O, uzun müddətdir verdiyi vədə sadiq qalaraq rejissor kimi yalnız 10 film çəkəcəyini və yubiley layihəsindən sonra karyerasını başa vuracağını bildirib. Tarantino “Kill Bill” filminin iki hissəsini isə bir film kimi hesab edir. Rejissorun çoxdan gözlənilən son ekran işi ilə bağlı yeni məlumatları onun daimi operatoru Robert Riçardson açıqlayıb.

Ötən il Tarantino Bred Pittin iştirakı nəzərdə tutulan “The Movie Critic” layihəsini gözlənilmədən dayandırmışdı. Hazırda o, əsas diqqətini ilk teatr əsəri olan “The Popinjay Cavalier” pyesinə yönəldib. Tamaşanın premyerasının 2027-ci ilin əvvəlində Londonun Vest-End teatrlarında keçirilməsi planlaşdırılır. Bununla belə, rejissorun növbəti filmi üzərində işləmək niyyətindən imtina etmədiyi bildirilir.

Son film tamamilə yeni konsepsiya ilə çəkiləcək

“Karlovı Varı” Beynəlxalq Film Festivalında çıxış edən Robert Riçardson Tarantino ilə yenidən əməkdaşlığa hazırlaşdıqlarını təsdiqləyib. Operator bildirib ki, rejissor əvvəlki ideyalardan tamamilə imtina edib və nə “The Movie Critic”, nə də “Once Upon a Time in Hollywood” filminin davamını çəkməyi planlaşdırır.

Riçardson Tarantinonun planlarını belə təsvir edib:

“O, növbəti layihəsinin nə olacağını açıqlamaq niyyətində deyil. Bu, gələn il baş verəcək, amma dəqiq tarix hələ müəyyənləşməyib. Hazırlıq işləri tamaşasının uğurundan asılı olaraq 2027-ci ilin yayında başlaya bilər. Növbəti film tamamilə yeni bir Kventin Tarantino olacaq. Bu yeni mərhələ tamamilə fərqli bir şey təqdim edəcək.”

Riçardson həmçinin xatırladıb ki, vaxtilə Antuan Fukuanın Maykl Cekson haqqında bioqrafik filmi üçün bağladığı müqaviləni Tarantinonun xahişi ilə ləğv etmişdi. Həmin vaxt rejissor onu “The Movie Critic” layihəsinə dəvət etsə də, sonradan bu ideyadan imtina etmişdi.

Hazırda isə onların iş qrafikləri yenidən üst-üstə düşür. Əgər hazırlıq prosesi planlaşdırıldığı kimi 2027-ci ilin yayında başlasa, Tarantinonun rejissor kimi son filmi 2028-ci ilin sonu və ya 2029-cu ilin ortalarında kinoteatrlarda nümayiş oluna bilər.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər