Hindistan ABŞ ilə müvəqqəti ticarət sazişinin qısa müddətdə imzalanmasına razılıq verməyib. Nyu-Delhi hesab edir ki, hazırkı danışıqlarda daha əlverişli şərtlər əldə etmək mümkündür və buna görə də tələsik qərar qəbul etmək niyyətində deyil. Bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qririn Nyu-Delhiyə son səfəri zamanı tərəflər arasında aralıq razılaşmanın əldə olunacağı gözlənilsə də, danışıqlar nəticəsiz başa çatıb. Hindistan hökuməti Vaşinqtonun əsas tələblər üzrə kifayət qədər təminat vermədiyini bildirib.
Hindistan hansı şərtləri irəli sürür?
Nyu-Delhi ABŞ bazarında Çin kimi rəqiblərlə müqayisədə daha əlverişli tarif rejimi və gələcəkdə tətbiq oluna biləcək əlavə gömrük rüsumlarından qorunacağına dair zəmanətlər tələb edir.
Hindistan hökumətindəki mənbə bildirib:
“Mövqeyimiz aydındır – sərfəli olmayan şərtlərlə saziş imzalamağa tələsməyəcəyik və kənd təsərrüfatı kimi qırmızı xətlərimizdən geri çəkilməyəcəyik.”
Vaşinqton isə strateji tərəfdaş hesab etdiyi Hindistandan daha çevik addımlar gözləyirdi. Donald Tramp administrasiyası bəzi ölkələrə qarşı yeni tariflərin tətbiqinə hazırlaşdığı bir vaxtda ABŞ rəsmiləri qarşılıqlı güzəştlərin vacibliyini vurğulayırlar.
Ağ Evin sözçüsü Kuş Desai isə bildirib ki, ABŞ administrasiyası Hindistanla danışıqları davam etdirir və hər iki ölkə üçün faydalı olacaq genişmiqyaslı ticarət sazişinin yekunlaşdırılmasına çalışır. Bununla yanaşı, Amerika tərəfi danışıqlar prosesinin gözlənildiyindən daha ləng irəlilədiyini qeyd edir.





