Azərbaycanda binaların enerji effektivliyi üzrə pasportlaşdırılması ilə bağlı yeni qaydalar təsdiqlənib. Nazirlər Kabinetinin qərarına əsasən, yeni tikilən binaların enerji göstəriciləri xüsusi pasport vasitəsilə qiymətləndiriləcək və bu prosesdə binalar üçün müəyyən edilmiş minimum enerji effektivliyi normaları əsas götürüləcək. Qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, bu qərar tikinti sektorunda yeni mərhələnin başlanğıcı hesab oluna bilər. O bildirib ki, əvvəllər təsdiqlənmiş, beş mərtəbədən hündür yaşayış binalarında fərdi istilik sistemlərinin qadağan edilməsi qərarından sonra enerji pasportlaşdırılması tikinti prosesində növbəti mühüm addımdır.
Yeni qaydalar tikinti prosesini necə dəyişəcək?
Ekspert qeyd edib ki, bundan sonra tikinti şirkətləri texniki və enerji pasportlaşdırılması prosedurlarını tikintiyə başlamazdan əvvəl tamamlamalı olacaqlar. Layihələndirmə zamanı ərazinin infrastruktur imkanları, gələcək əhali sıxlığı və kommunal şəbəkələrin texniki potensialı da nəzərə alınacaq.
Onun sözlərinə görə, yeni tələblər:
- enerji itkilərinin azaldılmasına
- yanğın təhlükəsizliyinin gücləndirilməsinə
- ekoloji göstəricilərin yaxşılaşdırılmasına
- kommunal sistemlərin daha səmərəli planlaşdırılmasına xidmət edəcək
Ekspert əlavə edib ki, əvvəllər texniki şərtlərin gec alınması və ya ümumiyyətlə əldə edilməməsi bəzi binaların istismara qəbulunda, eləcə də mənzil sahiblərinin çıxarış alması prosesində problemlər yaradırdı.
Mənzillər bahalaşa bilərmi?
Ramil Osmanlı hesab edir ki, yeni standartların tətbiqi tikinti şirkətlərinin xərclərinə müəyyən təsir göstərəcək. Bununla belə, qiymət artımının kəskin olacağı gözlənilmir.
Onun fikrincə, şirkətlər əlavə xərcləri optimallaşdırmaqla kompensasiya etməyə çalışmalıdırlar. Əvvəllər bəzi hallarda xərclərin azaldılması qanun pozuntuları hesabına həyata keçirilirdisə, yeni qaydalar fonunda belə yanaşma mümkün olmayacaq. Ekspert hesab edir ki, optimal həll xərcləri minimum səviyyədə artırmaq və bununla da həm tikinti keyfiyyətini, həm də satış siyasətini qorumaqdır.





