Çinin Global Times qəzetində Azərbaycan Respublikasının Çindəki səfiri Bünyaq Hüseynovla jurnalist Sye Vëntin arasında baş tutan müsahibənin əsas məqamları dərc olunub.
Səfirin sözlərinə görə, Çin yaşıl texnologiyalar, bərpa olunan enerji və innovativ həllər sahəsində unikal təcrübəyə malikdir və Azərbaycan bu sahələrdə əməkdaşlığa böyük önəm verir. Azərbaycan Ekologiya və Təbii Sərvətlər naziri bu il Çinə iki rəsmi səfər edib.
Səfir Bünyaq Hüseynov vurğulayıb:
“COP29-un Bakıda keçirilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Biz qlobal iqlim problemlərinə dair daha güclü həmrəyliyi təmin etmək üçün qətiyyətliyik. Bu tədbir Şimal, Cənub, Şərq və Qərbi birləşdirərək, iqlim dəyişikliklərinə qarşı mübarizədə beynəlxalq ictimaiyyəti hərəkətə gətirəcək.”
Səfir həmçinin Azərbaycanın Çinlə yaşıl enerji və alternativ enerji texnologiyaları sahəsində strateji tərəfdaşlıq qurduğunu bildirib:
“Çinin qabaqcıl texnologiyaları Azərbaycanda EPC layihələrində geniş istifadə olunur. Xüsusilə ‘Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi’ layihəsi Avrasiyada yeni enerji əlaqələri formalaşdırır.”
BRI təşəbbüsü ilə bağlı danışan səfir bildirib:
“Azərbaycan ‘Bir kəmər – bir yol’ təşəbbüsünə böyük önəm verir. Ölkəmiz BRI-nin həm siyasi, həm də iqtisadi faydalarını sübut edərək bu təşəbbüsü dəstəkləyən ilk ölkələrdən biri olub.”
Azərbaycanın tranzit və turizm sahələrində Çinlə əməkdaşlığının genişlənməsi də qeyd olunub:
“Azərbaycan və Çin liderlərinin səyləri sayəsində əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Orta koridor üzrə tranzit və turizm sahəsində əməkdaşlıq getdikcə artır.”
Azərbaycan və Çin arasında iqtisadiyyat, enerji, nəqliyyat və texnologiyalar sahələrində davam edən əməkdaşlıq regional və qlobal sabitliyə töhfə verməyə davam edir.