1 dekabr tarixinə olan məlumata görə, Gürcüstan parlamenti qarşısında etirazçılar və hüquq-mühafizə orqanları arasında gərginlik davam edir. Polis etirazçıları parlament qapılarından uzaqlaşdırmaq və xüsusi təyinatlılarla xalq arasında bufer zona yaratmaq üçün su şırnaqlarından geniş istifadə edib.
Etirazçılar binaya və polis qüvvələrinə tərəf fişənglər və partlayıcı maddələr atmağa davam edib. Ötən gecə nümayişçilər baryerlər qurmağa çalışıb, lakin polis meydanı təmizləyib. Hazırda isə Rustaveli prospektində etirazçıların dağıdılması əməliyyatı aparılır.
Hadisə yerindən yayılan görüntülərə əsasən, polis gözyaşardıcı qazdan da istifadə edib. Hüquq-mühafizə orqanları irəliləməsə də, meydanı su şırnaqları ilə boşaltmağa çalışır. Cavab olaraq, etirazçılar fişənglər atmaqla reaksiya verib.
Gürcüstanda geniş etirazlar baş nazir İrakli Kobaxidzenin Avropa İttifaqına üzvlüklə bağlı danışıqların dayandırılmasını və Avropa İttifaqının bütün büdcə qrantlarından imtinanı elan etməsindən sonra başlayıb. Gürcüstan prezidenti Salome Zurabişvili bu qərarı “konstitusiya çevrilişi” adlandırıb və özünü ölkənin yeganə qanuni hakimiyyət təmsilçisi elan edib. O, vətəndaşları “Gürcü Arzusu” partiyasının qərarına qarşı mübarizəyə səsləyib.
Noyabrın 30-da Gürcüstan parlamenti qarşısındakı vəziyyət daha da gərginləşib. Polis su şırnaqları daxil olmaqla xüsusi vasitələrdən istifadə edib. Bütün Gürcüstanda Rusiya meylli “Gürcü Arzusu” partiyasına və Avropa İttifaqına inteqrasiyadan imtina qərarına qarşı etirazlar davam edir. Hüquq-mühafizə orqanlarının zorakılığı və nümayişçilərin həbs edilməsinə baxmayaraq, izdiham meydanı tərk etmir.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Gürcüstandakı son hadisələri pisləyərək Gürcüstanla strateji tərəfdaşlığın dayandırıldığını elan edib. Parlament binasının qarşısında hakim partiyanın qurucusu Bidzina İvanişvilinin, bu gün Gürcüstanda baş verən hadisələrin təşkilatçısı kimi tənqid olunan fiqurunun kuklası yandırılıb. O, seçkilər ərəfəsində xalqa sülh vəd etmişdi.