Uşaqlar cəmiyyətin gələcəyidir. Əsas vəzifəmiz onlara aydın səma altında etibarlı gələcək bəxş etməkdir. Ölkəmizdə uşaqlara hərtərəfli qayğı dövlət siyasətinin ayrılmaz hissəsidir və bu, böyük lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən biridir. Bu istiqamətdə çoxsaylı mühüm işlər görülüb və görülməkdədir. Uşaqlarımız keyfiyyətli təhsil almaq, bacarıqlarını inkişaf etdirmək və istedadlarını üzə çıxarmaq üçün bütün imkanlara malikdirlər.
Bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciətində qeyd edilib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda uşaqların hüquqlarına diqqətin bariz göstəricilərindən biri də ümumrespublika forumunun ənənəvi xarakter almasıdır.
“Bu dəfəki Forum “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilir. Uşaqlar və ekologiya mövzusu aktualdır və uşaqlarımızın təhlükəsiz mühitdə yaşaması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu yaxınlarda Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu tərəflər konfransına ev sahibliyi etdi. Konfransda ətraf mühit faktorlarının uşaqların sağlamlığına təsiri, uşaqlar naminə iqlim fəaliyyətinin gücləndirilməsi kimi məsələlər geniş müzakirə olundu. Çünki Yer üzündə bütün uşaqlar sağlam və təmiz dünyaya, yaşıl gələcəyə layiqdirlər,” – Prezident İlham Əliyev öz müraciətində qeyd edib.