“How I Met Your Mother” (“Ananla Necə Tanış Oldum”) serialındakı rolu ilə tanınan amerikalı aktyor Nik Paskual keçmiş sevgilisinə qarşı törətdiyi hücuma görə uzunmüddətli həbs cəzasına məhkum edilib. Məhkəmənin qərarına əsasən, aktyor 32 il müddətinə azadlıqdan məhrum olunub və onun vaxtından əvvəl azadlığa buraxılması nəzərdə tutulmur.
Hadisə 2024-cü ilin may ayında baş verib. İstintaq materiallarına görə, Paskual barəsində qoruyucu qərar olmasına baxmayaraq, keçmiş sevgilisi, peşəkar vizajist Elli Şeqornun yaşadığı evə daxil olub. Məlumata əsasən, o, qapını sındıraraq mənzilə girib və qadına çoxsaylı bıçaq zərbələri endirib.
Məhkəmədə diqqət çəkən ifadələr
Zərərçəkən məhkəmə zamanı hadisənin təfərrüatlarını bölüşərək bildirib ki, hücum anında özünü qorumağa çalışsa da, bundan nəticə çıxmayıb:
“Qapını bağlamışdım, amma o, qapını sındırmağa başladı. Daha sonra hamam otağına qaçdım, çünki orada əlavə kilid var idi”, – deyə Şeqorn ifadəsində qeyd edib.
Qadının aldığı ağır xəsarətlərə baxmayaraq, həkimlərin müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub. İstintaq sənədlərində qeyd olunur ki, hücum zamanı ona 20-dən çox bıçaq zərbəsi vurulub.

Aprelin sonundan mayın əvvəlinədək davam edən məhkəmə prosesində Nik Paskual qəsdən adam öldürməyə cəhd, yaşayış sahəsinə qanunsuz daxil olma və məişət zorakılığı maddələri üzrə təqsirli bilinib. İttiham tərəfi zərərçəkənin ifadələrinin hökmün çıxarılmasında mühüm rol oynadığını vurğulayıb.
Məhkəmə qərarından sonra aktyorun vəkilləri hökmə etiraz ediləcəyini açıqlayıblar. Paskual isə nümayəndəsi vasitəsilə yaydığı bəyanatda baş verənlərdən kədərləndiyini bildirib:
“Bu işlə bağlı yaşananlardan dərin təəssüf hissi keçirirəm və hadisədən təsirlənən hər kəsə sağalma və sakitlik arzulayıram”.
Qərar ABŞ-da məişət zorakılığı və qadınlara qarşı cinayətlərlə bağlı rezonans doğuran məhkəmə işlərindən biri kimi qiymətləndirilir.





