Mərkəzi Botanika Bağı 1934-cü ildə Azərbaycanın flora genofondunun və bitki növlərinin qorunması məqsədilə yaradılmış və uzun illər elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərmişdir.
Aparılan əsaslı bərpa və yenidənqurma işləri nəticəsində Botanika Bağının sahəsi 39 hektardan 45 hektara qədər genişləndirilib. Bağda müasir giriş kompleksi yaradılıb, tikinti normalarına uyğun yeni istixanalar və fəvvarə tikilib. Mövcud istixanalar əsaslı təmir olunub, xüsusi şəraitdə yetişdirilən və xaricdən gətirilən nadir dekorativ ağaclar, kol bitkiləri və çiçəklər əkilib.
Bağ ərazisində üç bloklu istixana, göl kompleksi və müşahidə meydançası inşa edilib. Həmçinin yeni dörd mərtəbəli inzibati bina tikilib, qədim yarımay formasında olan iki mərtəbəli bina əsaslı təmir və restavrasiya olunub.
Ziyarətçilərin rahatlığı üçün bağda uzunluğu 650 metr olan müasir piyada körpüsü və lift quraşdırılıb. Gələcəkdə iki restoran, uşaq əyləncə meydançası və avtomobil dayanacağı istifadəyə veriləcək. Köhnə giriş zonası isə orijinal üslubu qorunmaqla təmir olunub.
Əlavə olaraq, yeraltı su anbarları, nasos stansiyaları və qazanxanalar tikilib. Bağ boyunca hasarlar bərpa edilib, yeni piyada yolları salınıb, müasir oturacaqlar, işıqlandırma, yanğın təhlükəsizliyi və videomüşahidə sistemləri quraşdırılıb. 26 hektar yaşıllıq sahəsini suvarmaq üçün irriqasiya sistemi yenilənib.





