Avropa İttifaqı Rusiyaya, həmçinin onun tərəfdaşlarına – Çin və Şimali Koreyaya qarşı yeni iqtisadi və siyasi təzyiq tədbirlərini ehtiva edən 15-ci sanksiya paketini təsdiqləyib. Daylinews-az xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb. Yeni sanksiyalar siyahısına 84 fiziki şəxs və şirkət daxil edilib.
Sanksiya siyahısına Rusiya neftini daşıyan tankerlər də düşüb. Bu, Aİ-nin Rusiya neft satışından əldə etdiyi gəlirləri məhdudlaşdırmaq strategiyasının bir hissəsidir. Xüsusilə, qiymət tavanını pozan tankerlərə qadağa qoyulub. Bu tədbir Aİ-nin G7 ölkələri ilə birgə müəyyən etdiyi enerji strategiyası çərçivəsində tətbiq edilir.
Sanksiyalar həmçinin Çin şirkətlərinə də təsir edib. Aİ bəzi Çin şirkətlərini Rusiya üçün ixrac məhdudiyyətlərini aşmağa kömək etməkdə ittiham edir. Belə şirkətlərin hərbi məqsədlər üçün istifadə edilə bilən ikili təyinatlı texnologiyalar tədarük etdikləri bildirilir.
Şimali Koreya ilə bağlı isə sanksiyalar siyahısına Rusiyaya hərbi dəstək verən şəxslər və təşkilatlar daxil edilib. Aİ Şimali Koreyanın Rusiya üçün silah və sursat tədarükündə iştirak etdiyini, bunun isə BMT-nin qətnamələrini pozduğunu vurğulayıb.