Bakının Nizami rayonu, Qara Qarayev, 25 ünvanında yaşayan sakinlər artıq beş-altı gündür istilik problemini həll edə bilmirlər. Bu barədə sakinlər narahatlıqla “Qafqazinfo”ya müraciət ediblər. Onlar bildirirlər ki, hər il qış aylarında bu cür çətinliklərlə üzləşirlər, lakin problem köklü şəkildə həll olunmur.
“Artıq bir həftədir ki, evimizdə istilik yoxdur. Keçən il də eyni problemlərlə qarşılaşırdıq. Uşaqlar evdə soyuqdan donurlar. Hər dəfə aidiyyəti quruma müraciət edirik, həll olunacağını desələr də, nəticə olmur. Bəzən isə bir gün istilik olur, beş gün yox,” – deyə sakinlər narazılıqlarını bildiriblər.
Sakinlərə verilən məlumata görə, istilik təchizatında yaranan çətinlik istilik borularının partlaması ilə bağlıdır. Təmir üçün dəfələrlə müraciət edilsə də, vəziyyət dəyişməyib. “Hər dəfə gəlirlər ki, düzəldəcəyik, lakin heç bir həlli olmur. Axı bu soyuqda istilik olmadan necə yaşamaq olar?!”
“Azəristiliktəchizat” ASC məsələ ilə bağlı açıqlama verərək bildirib ki, sözügedən binanı istiliklə təmin edən məhəllədaxili xəttdə qəza baş verib.
“Həmin qəzanın aradan qaldırılması üçün qazıntı işləri aparmaq lazımdır. Bunun üçün müvafiq dövlət qurumuna müraciət olunub. Müraciət qeydə alınan kimi dərhal işə başlanacaq. Qara Qarayev, 25 ünvanındakı binanın istiliklə təminatı ən qısa müddətdə bərpa ediləcək,” – deyə qurumun mətbuat katibi Elvin Basqallı bildirib.
Sakinlər isə bu problemin nəhayət həll olunacağına ümid edir. Onlar aidiyyəti qurumlardan konkret tədbirlər gözləyir və bu cür halların təkrarlanmamasını tələb edirlər.