4 yanvar tarixində Günəşdə ardıcıl olaraq altı güclü partlayış, o cümlədən ən yüksək X sinifli partlayış qeydə alınıb.
Daylinews-Az xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
“4 yanvar Bakı vaxtı ilə saat 02:41-də Günəşdə 3947 (N11E59) ləkə qrupunda X1.1 sinifli partlayış qeydə alınıb. Partlayışın müddəti 24 dəqiqə təşkil edib”, – deyə məlumatda bildirilir.
Bu, cari ilin əvvəlindən bəri qeydə alınan ikinci güclü X sinifli partlayışdır. Daha əvvəl, 3 yanvarda X1.2 sinifli partlayış baş vermişdi.
Bundan əlavə, şənbə günü daha beş M sinifli partlayış qeydə alınıb: M7.6, M1.5, M5.8, M1.9, M2.3.
Günəşdəki partlayışlar rentgen şüalarının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. A0.0 sinfi minimum güc sayılır və Yer səthinə hər kvadrat metr üçün 10 nanovatt şüalanma verir. Növbəti sinfə keçdikdə bu güc 10 dəfə artır. X sinifli partlayışlar ən güclü hesab olunur və çox zaman Günəş plazmasının atılması ilə müşayiət olunur. Bu plazma buludları Yerə çataraq maqnit qasırğalarına səbəb ola bilər.





