15 aprel tarixində məşhur rus sənətçisi Alla Puqaceva doğum gününü ailəsi və yaxın dostlarının əhatəsində qeyd edib. Əri, tanınmış yumorist Maksim Qalkin sosial şəbəkə hesabında həmin gündən görüntüləri paylaşaraq Puqacevanın zərif və cazibədar görünüşünə olan heyranlığını gizlətməyib.
Qalkin videonu “Yunan rəqsi” qeydi ilə yayımlayıb və həyat yoldaşının mini donla necə enerjili şəkildə rəqs etdiyini nümayiş etdirib. 76 yaşlı sənətkarın incə bədən quruluşu və aktivliyi izləyiciləri valeh edib.
Allanın pərəstişkarları sosial şəbəkələrdə onu komplimentlərə boğublar:
- “Əsl ilahə”,
- “Bu yaşda bu qədər incə olmaq inanılmazdır”,
- “Gözəllik simvolu!”,
- “Hər qadına belə cazibə arzulayıram”,
- “Ayaqlarına bax, od kimi!” və s.
Alla Puqaceva və Maksim Qalkin 2011-ci ildə ailə həyatı qurublar. Aralarındakı 27 yaş fərqinə baxmayaraq, münasibətləri sevgi və anlaşma üzərində qurulub. Puqaceva üçün bu, sayca beşinci evlilikdir.
Cütlüyün 2013-cü ildə surroqat ana vasitəsilə əkiz övladları — Yelizaveta və Harri dünyaya gəlib. Qalkinin sözlərinə görə, onlar bu xəbəri əvvəlcə hətta yaxınlarına da deməkdən çəkiniblər, çünki reaksiyadan ehtiyat ediblər. Puqacevanın ilk nikahından olan qızı, tanınmış müğənni Kristina Orbakaite isə qardaş və bacının gələcəyi xəbərinə əvvəlcə təəccüblə yanaşıb.
2022-ci ildə Rusiya ilə bağlı siyasi gərginlik səbəbindən ailə ölkəni tərk edərək əvvəlcə İsraildə, sonra isə mediada yayılan məlumatlara əsasən Kiprdə yerləşib və orada daimi yaşayış üçün mülk alıb.





