Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsi “Turan Tovuz” klubunun baş məşqçisi Kurban Berdıyevi 5 oyunluq diskvalifikasiya edib. Onun bu cəzanın 3 oyununu şərti cəza kimi alacağı bildirilib.
Daylinews-Az-ın məlumatına görə, cəza Premyer Liqanın XXX turunda “Sabah”la oyun zamanı baş verən insidentə görə verilib. Berdıyev həmin görüşdə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra hakimlərə qarşı qeyri-etik davranış sərgiləyib. Nəticədə ona 3 aylıq sınaq müddəti də təyin olunub.
“Turan Tovuz” klubuna da bir sıra maliyyə sanksiyaları tətbiq olunub:
- Baş məşqçinin davranışına görə 4 000 manat;
- Komanda oyunçularının dörd sarı vərəqəsinə görə 700 manat;
- Azarkeşlərin meydana kənar əşyalar atmasına görə 800 manat;
- Hakimlərə qarşı təhqiredici şüarlara görə 1 000 manat.
Qeyd edək ki, hakimlərə qarşı təhqiredici şüarlar bu mövsüm “Turan Tovuz” azarkeşlərinin 5-ci oxşar pozuntusu olub.
Eyni oyunda qırmızı vərəqə alan “Sabah”ın legioneri Pavol Safranko isə 1 oyunluq cəza alıb. Paytaxt təmsilçisi bu səbəbdən əlavə olaraq 500 manat cərimələnib.





