Amerikalı aktrisa Mişel Traxtenberqin vəfat səbəbi rəsmi şəkildə açıqlanıb. BBC News-un verdiyi məlumata görə, Nyu-York məhkəmə-tibbi ekspertiza idarəsinin rəyinə əsasən, 39 yaşlı aktrisanın ölümü şəkərli diabetin yaratdığı ağırlaşmalar nəticəsində baş verib. Həkimlərin sözlərinə görə, ailəsinin tələbi ilə meyitə baxış keçirilməyib, lakin toksikoloji testlər sayəsində ölüm səbəbi dəqiqləşdirilib.
Traxtenberq 2025-ci ilin fevral ayının sonlarında Nyu-Yorkdakı evində dünyasını dəyişib. Onun cəsədini anası aşkar edib və dərhal təcili yardım çağırılıb, lakin həkimlər yalnız ölüm faktını qeydə ala biliblər. Əvvəlcə onun yaxınlarda keçirdiyi qaraciyər transplantasiyası əməliyyatından sonra yaranmış fəsadlar səbəbilə vəfat etdiyi güman edilirdi.
Ölümündən bir qədər əvvəl sosial şəbəkə istifadəçiləri aktrisanın paylaşdığı şəkillərdə çox zəif və yorğun göründüyünü qeyd etmişdilər. Bu səbəbdən bəzi izləyicilər onun narkotik maddələr qəbul etdiyini düşünmüşdü. Lakin bu şayiələr təsdiqini tapmadı.
Mişel Traxtenberq 1985-ci il oktyabrın 11-də Nyu-Yorkda, Rusiyadan ABŞ-a köç etmiş yəhudi ailəsində anadan olub. O, müsahibələrində ana dilindən əlavə rus dilini də bildiyini deyirdi.
Traxtenberqin aktyor karyerası uşaq yaşlarında başlayıb. O, 1990-cı illərdə Nickelodeon kanalında yayımlanan “Pit və Pitin sərgüzəştləri” serialında ilk rolunu oynayıb. Daha sonra üç il “Vampir ovçusu Baffi” serialında Don Sammer rolunu canlandırıb.
2004-cü ildə o, “Avrotur” adlı komediyada əsas rollardan birini ifa edib. Sonrakı illərdə “Qeybətçi qız”, “Doktor Haus”, “Qanun və nizam” və “Müştəri həmişə haqlıdır” kimi məşhur seriallarda da yer alıb.





