Dünyaca məşhur kulinariya ustası və televiziya aparıcısı Con Qreqori-Smit Bakıya etdiyi son səfərdən sonra Azərbaycan mətbəxinə olan heyranlığını ifadə edərək, öz izləyiciləri ilə ilk reseptini bölüşüb.
Daylinews-Az-ın məlumatına görə, şef son paylaşımında toyuq ətindən hazırlanan fərqli və sadə lülə-kabab versiyasını təqdim edib. O, milyonlarla izləyicisinin marağına səbəb olan bu videoda milli təamı öz baxış bucağı ilə yenidən yaratmağa çalışıb.
Con Qreqori-Smit dünya mətbəxlərini kəşf etməyi sevən kulinariya yazıçısı, aşpaz və televiziya aparıcısıdır. O, daha əvvəl bloqunda Azərbaycan mətbəxinin sevilən yeməklərindən biri olan xəngəlin hazırlanmasını paylaşdıqdan sonra ölkəmizdə geniş tanınıb.
Qeyd edək ki, o, 9 aprel tarixində Azərbaycana səfər edərək yerli mətbəx nümunələri ilə daha yaxından tanış olub. Şef bu səfəri zamanı bir sıra restoranlara baş çəkib, yerli aşpazlarla fikir mübadiləsi aparıb və Azərbaycan mətbəxinə dair təəssüratlarını sosial şəbəkə hesablarında bölüşüb.





