Rusiya Federasiyası Ukrayna ilə silahlı münaqişənin nizamlanması məqsədilə hazırladığı memorandumda atəşkəsin əldə olunması üçün iki fərqli ssenari təqdim edib. Daylinews-az.com xəbər verir ki, sənəddə tərəflərin mümkün razılaşma mexanizmləri üç bölmədə əks olunub.
1. “Yekun nizamlanmanın əsas prinsipləri” adlı bölmədə qeyd olunub:
- Ukraynanın neytrallığı və hərbi ittifaqlara qoşulmamaq öhdəliyi;
- Ölkə ərazisində xarici dövlətlərin hərbi mövcudluğuna qadağa;
- Ukraynanın nüvəsiz statusu və silahlı qüvvələrinin say həddinin müəyyən olunması;
- Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların aradan qaldırılması;
- Krım, Donetsk, Luqansk, Zaporojye və Xersonun Rusiya tərəfindən ilhaqının beynəlxalq-hüquqi tanınması;
- Hərbi əməliyyatlar nəticəsində dəyən zərərlə bağlı qarşılıqlı iddialardan imtina;
- Rusdilli əhalinin hüquqlarının təmin edilməsi, Ukrayna Pravoslav Kilsəsinin fəaliyyətinə qadağaların ləğvi və nasizmin qəhrəmanlaşdırılmasına qadağa;
- Ayrılmış ailələrin və köçkünlərin məsələlərinin kompleks həlli;
- Diplomatik və iqtisadi münasibətlərin mərhələli şəkildə bərpası, o cümlədən qaz tranziti.
2. Atəşkəsin əldə olunması üçün iki ssenari təqdim olunur:
Birinci variant:
- Ukrayna Silahlı Qüvvələrinin Rusiya tərəfindən nəzarət edilən ərazilərdən tamamilə çıxarılması.
İkinci, alternativ variant (“paket təklif”):
- Ukraynada hərbi vəziyyətin və səfərbərliyin ləğvi;
- Xarici hərbi yardımların və silah tədarükünün dayandırılması;
- Atəşkəs rejiminə nəzarət üçün monitorinq mərkəzinin yaradılması;
- Ukraynanın Rusiya ərazisində diversiya fəaliyyəti aparmamaq öhdəliyi;
- Üçüncü ölkələrin hərbi kontingentinin Ukraynada yerləşdirilməməsinə təminat.
3. “Addımların ardıcıllığı və icra müddətləri” bölməsində təklif olunur:
- Yekun sülh sazişinin hazırlanması üzrə işə başlanılması;
- Müəyyən cəbhə xəttlərində 2-3 günlük humanitar atəşkəs (həlak olmuşların cəsədlərinin toplanması məqsədilə);
- Atəşkəs memorandumunun imzalanması və dəqiq tarixlərin müəyyən edilməsi;
- Ukrayna Silahlı Qüvvələrinin geri çəkilməsi ilə eyni vaxtda 30 günlük atəşkəs rejiminin tətbiqi;
- Ukraynada ümummilli seçkilərin keçirilməsi;
- Yekun sülh sazişinin imzalanması və onun BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməsi.
Ukrayna tərəfi Rusiyanın təklifinə bir həftə ərzində cavab verməyi planlaşdırır.





