İsrail sakinləri İranın mümkün cavab hücumuna hazırlıq məqsədilə supermarketlər və yanacaqdoldurma məntəqələrində növbələrə düzülərək ərzaq və zəruri ehtiyatlar toplamağa başlayıblar. Bu barədə The New York Times qəzetinə istinadən Daylinews-az.com məlumat verir.
Hakimiyyət sığınacaqlarda qalmağa çağırır, insanlar isə ərzaq axtarışındadır
İsrail hökuməti vətəndaşlara evlərindən yalnız zəruri hallarda çıxmağı və bombalardan müdafiə sığınacaqlarına yaxın qalmağı tövsiyə etsə də, bir çox insan bu çağırışlara baxmayaraq ərzaq, yanacaq və digər tədarük ehtiyacları üçün küçəyə çıxır.
Gecə saatlarında fəaliyyət göstərən mağazalar və yanacaqdoldurma məntəqələrinin qarşısında uzun növbələr yaranıb.
İsrailin zərbəsindən sonra panika artdı
Xatırladaq ki, 13 iyuna keçən gecə İsrail Hərbi Hava Qüvvələri İranda yerləşən 100-dən çox hədəfə – əsasən nüvə və hərbi obyektlərə zərbələr endirib. Hücum nəticəsində SEPAH-ın komandanı Hüseyn Səlami, yüksək rütbəli zabitlər və nüvə alimləri həlak olub.
İran: “Sərt cavab olacaq”
Tehran İsrail və ABŞ-a “sərt şillə” vəd edib. The New York Times-ın məlumatına görə, İran artıq 100-dən çox pilotsuz uçuş aparatı ilə İsrailə doğru hücuma keçib və yaxın saatlarda raket zərbələri də gözlənilir.
İsrail hökuməti ölkə üzrə fövqəladə təhlükə rejimi elan edib. Müdafiə Nazirliyi və Silahlı Qüvvələr əhalini əlavə tədbirlərə riayət etməyə çağırır.





