İsrailin İrana endirdiyi hava zərbələri və bölgədə yaranan gərginlik fonunda İran, İraq və İsrail hava məkanlarında tətbiq olunan məhdudiyyətlər nəticəsində bir sıra beynəlxalq reyslər Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunu təcili eniş nöqtəsi kimi seçib. Bu barədə Daylinews-az.com hava limanının mətbuat xidmətinə istinadla xəbər verir.
Bakı aeroportu böhran vəziyyətində də tam hazırlıqlı olduğunu göstərdi
Məlumata görə, hadisələrin inkişafı ilə əlaqədar müxtəlif aviaşirkətlər təhlükəsiz və fasiləsiz uçuşları təmin etmək üçün Bakı hava limanına müraciət ediblər. Hava limanının operativ qərarları və koordinasiyalı fəaliyyəti nəticəsində 13 iyun səhər saatlarında aşağıdakı beynəlxalq reyslər uğurla eniş edib:
- AJet — İstanbul – Tehran (Boeing 737)
- Fly Dubai — Minsk, Kazan, Sankt-Peterburq, Moskva – Dubay (Boeing 737)
- Air Arabia — Moskva – Şarja (Airbus A320)
- Jazeera Airways — Mahaçqala, Moskva – Küveyt (Airbus A320)
- Etihad Airways — Moskva – Əbu-Dabi (Boeing 787)
- Turkish Airlines — İstanbul – Pxuket (Airbus A330)
Bakı hava limanı — etibarlı tranzit mərkəzi
Hava limanından bildirilib ki, bütün reyslər sərnişin təhlükəsizliyi, rahatlığı və logistik koordinasiya baxımından yüksək səviyyədə qəbul olunub. Xatırladaq ki, Heydər Əliyev Beynəlxalq Aeroportu regionun ən vacib tranzit və hava nəqliyyatı mərkəzlərindən biridir və fövqəladə hallarda aviasiya axınının təhlükəsiz şəkildə yönləndirilməsi üçün bütün infrastruktur və imkanlara malikdir.





