2026-cı il futbol üzrə dünya çempionatında oyunların gedişində hissələr arasında fasilənin müddətinin artırılması müzakirə olunur. Daylinews-az.comun “Reuters” agentliyinə istinadla yaydığı məlumata görə, Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) bu məsələ ilə bağlı rəsmi təklif irəli sürüb.
Təklifin mahiyyəti:
- Hissələr arasında standart 15 dəqiqəlik fasilənin 20 dəqiqəyə qədər uzadılması
- Hava şəraiti nəzərə alınaraq oyun zamanı əlavə “sərinləmə fasilələrinin” artırılması
Səbəb nədir?
2026-cı il dünya çempionatının oyunları ABŞ, Kanada və Meksika olmaqla ilk dəfə üç ölkədə keçiriləcək. Turnirin matçları 16 müxtəlif şəhərdə baş tutacaq. 9 şəhərdə isə iyun-iyul aylarında ekstremal isti hava şəraiti müşahidə olunur və bu, futbolçular üçün “son dərəcə riskli” hesab edilir.
Bu səbəbdən də oyunçuların sağlamlığı və bərpası üçün əlavə fasilə vaxtının ayrılması FIFPro tərəfindən prioritet kimi qiymətləndirilir.
Təkliflər hələlik rəsmi təsdiqini tapmayıb. Yekun qərar FIFA və təşkilat komitəsi tərəfindən qəbul olunacaq.





