EvDünya15 pasiyentin “ölüm kokteyli” ilə öldürülməsində ittiham olunan həkimin məhkəməsi başladı

15 pasiyentin “ölüm kokteyli” ilə öldürülməsində ittiham olunan həkimin məhkəməsi başladı

Almaniyanın paytaxtı Berlində palyativ tibbi yardım üzrə çalışan bir həkimə qarşı məhkəmə prosesi start götürüb. İttihama görə, o, 15 pasiyenti qəsdən öldürüb – cinayətlərdə tibbi preparatlardan ibarət ölümcül qarışıq istifadə olunub.

Alman qanunvericiliyinə əsasən, məhkəmədə müttəhim həkimin adı açıqlanmır. O, özünü günahsız sayır və təqsirini qəbul etmir. Lakin istintaqın təqdim etdiyi məlumatlar dəhşətli detalları üzə çıxarır.

150-dən çox şahid ifadə verəcək

Prokurorluqdan verilən məlumata görə, təxminən 150 şahidin dindirilməsi gözlənilir. Məhkəmə prosesinin 2026-cı ilin yanvarına qədər davam edə biləcəyi ehtimal olunur. Həkimə qarşı iddianı 13 qurbanın ailəsi qaldırıb.

Öldürmə üsulu: anesteziya və əzələ boşaldıcı

İttiham aktında deyilir ki, həkim xəstələrinə onların razılığı olmadan anestezik və miorelaksant (əzələ boşaldıcı) iynəsi vurub. Bu maddələr tənəffüs əzələlərini iflic edərək, nəfəsin dayanmasına və qısa müddətdə ölümə səbəb olub. Bəzi hallarda o, cinayətin izlərini ört-basdır etmək üçün qurbanlarının evlərini də yandırıb.

2021–2024-cü illərdə törədilən qətllər

İstintaqın məlumatına görə, həkim 2021-ci ilin sentyabrından 2024-cü ilin iyulunadək azı 12 qadın və 3 kişini qətlə yetirib. Bəzi digər ölüm hallarının da bu şəxslə bağlı ola biləcəyi istisna edilmir. Qurbanların yaşı 25-dən 94-ə qədər dəyişirdi.

Bütün qurbanlar onun xəstəsi olub və potensial ölümcül, sağalmaz xəstəliklərdən əziyyət çəkirdilər. Onlara palyativ yardım göstərilirdi, məqsəd həyat keyfiyyətini yaxşılaşdırmaq idi, lakin prokurorlar bildirir ki, onların heç biri ölmək üzrə deyildi.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər