Belarus mənşəli Silent Crow və Kiberpartizanlar BY adlı haker qrupları Rusiyanın “Aeroflot” aviaşirkətinə qarşı kiberhücum həyata keçirdiklərini açıqlayıblar. Hücum nəticəsində təxminən 50 reys ləğv olunub, yüzlərlə sərnişin hava limanlarında qalıb.
“Aeroflot” öz rəsmi məlumatında informasiya sistemlərində nasazlıq yaşandığını bildirərək, bunun xidmətlərin qeyri-stabil işləməsinə səbəb olduğunu etiraf edib. Lakin konkret texniki problem açıqlanmayıb.
Moskvadakı “Şeremetyevo” hava limanında, “Aeroflot”un əsas mərkəzində böyük sərnişin sıxlığı yaranıb. Sosial şəbəkə və Rusiya media kanallarının məlumatına görə, onlarla reys təxirə salınıb və ya ləğv olunub.
Hücumun miqyası
Silent Crow və Kiberpartizanlar BY bildirirlər ki, bir ildən çox davam edən əməliyyat zamanı:
- “Aeroflot”un korporativ şəbəkəsinə giriş əldə olunub
- Uçuş tarixçəsi və personal nəzarət sistemləri daxil olmaqla böyük məlumat bazalarına çıxış əldə edilib
- Daxili telefon danışıqlarının yazıları da əldə olunub və məhv edilib
Hakerlərə görə, şirkətin bütün IT infrastrukturu sıradan çıxarılıb və silinib. Bu sistemlərin bərpası on milyonlarla dollar tələb edə bilər.
“Ziyan yalnız maddi deyil, həm də stratejidir”, – deyə Silent Crow-un açıqlamasında bildirilir.
Keçmiş hücumlar
Silent Crow bundan əvvəl də Rusiya Əmlak Reyestri (Rосреестр)nin məlumat bazasının sındırılmasına görə məsuliyyəti üzərinə götürmüşdü.
Hadisə “Aeroflot”un və ümumilikdə Rusiyanın kiberdayanıqlığını ciddi sual altına alır və informasiya təhlükəsizliyi sahəsində böyük zəiflikləri ortaya çıxarır.





