2025-ci il sentyabrın 3-4-də Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Peru Respublikasında səfərdə olub.
XİN-in məlumatına görə, səfər çərçivəsində Lima şəhərində Azərbaycan və Peru Xarici İşlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib.
Azərbaycan nümayəndə heyətinə nazir müavini Elnur Məmmədov, Peru tərəfinə isə xarici işlər nazirinin müavini Feliks Deneqri Boza rəhbərlik edib.
Məsləhətləşmələr zamanı ölkələr arasında siyasi, iqtisadi, energetika, mədəniyyət, turizm və digər sahələrdə münasibətlərin cari durumu və gələcək perspektivləri müzakirə olunub, bu sahələrdə müqavilə-hüquq bazasının formalaşdırılmasının vacibliyi qeyd edilib.
Müvafiq təqdimatlar vasitəsilə hər iki ölkədəki iqtisadi-ticarət potensialı haqqında məlumat verilib, birgə layihələrin təşviqinə qarşılıqlı dəstək ifadə olunub.
Səfər ərzində Elnur Məmmədov Peru Konqresinin sədri və Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Xose Enrike Xeri ilə görüşüb. Görüşdə parlamentlərarası əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb, ikitərəfli və beynəlxalq platformalarda əməkdaşlığın önəmi vurğulanıb.
Həmçinin Perunun xarici işlər naziri Elmer Şialer Salsedo ilə keçirilən görüşdə qarşı tərəf Azərbaycanla münasibətlərin genişləndirilməsinə marağını bildirib və ilk məsləhətləşmələrin bu prosesə təkan verəcəyinə ümid etdiyini qeyd edib.
Səfər çərçivəsində nazir müavini Perunun nüfuzlu “La Razon” qəzetinin müxbiri və Peru Jurnalistlər İttifaqının sədr müavini Rikardo Sançes Serraya, eləcə də “El Peruano” qəzeti və “Andina” agentliyinə müsahibə verib.
Bundan əlavə, E.Məmmədov Latın Amerikasının ən qədim universiteti olan “San Markos” Milli Universitetində mühazirə oxuyub. Mühazirədə Azərbaycanın xarici siyasət prioritetləri ətraflı təqdim olunub, auditoriyanın sualları cavablandırılıb.





