Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Perunun San-Markos Milli Universitetində mühazirə oxuyacaq.
Universitetin mətbuat xidmətinə istinadən bildirilir ki, bu tədbir universitet nəzdindəki Asiya Araşdırmaları Mərkəzi və Azərbaycanın Perudakı səfirliyi tərəfindən təşkil olunacaq.
E.Məmmədov Cənubi Qafqaz regionundakı siyasi durumun təhlilini aparacaq və Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri haqqında məlumat verəcək. Bu çıxış nazir müavininin Peruya səfəri çərçivəsində, ölkələr arasında ilk siyasi məsləhətləşmələrlə əlaqədar keçiriləcək.
San-Markos Milli Universiteti yalnız Perunun deyil, bütün Latın Amerikasının ən qədim ali təhsil ocağıdır. Limada yerləşən bu universitet 1551-ci il mayın 12-də İspaniya kralı I Karlosun fərmanı ilə yaradılıb və qitədə təhsilin inkişafında mühüm rol oynayıb.





