2025-ci il Formula-1 Azərbaycan Qran-Prisi zamanı (18-21 sentyabr) ehtiyac yarandığı təqdirdə tibbi yardımın təmin edilməsi üçün xüsusi tədbirlər görüləcək.
TƏBİB-in yaydığı məlumata görə, yarış çərçivəsində qurulacaq tibb məntəqələrində Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb qurumlarından 28 həkim-mütəxəssis və tibb bacısının işləməsi planlaşdırılır. TƏBİB son 6 ildir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə əməkdaşlıq çərçivəsində bu kimi beynəlxalq tədbirlərdə tibbi xidmətləri uğurla təşkil edir.
Bundan əlavə, tibbi dəstəyin gücləndirilməsi məqsədilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Yeni Klinika, Xətai Tibb Mərkəzi və Sabunçu Tibb Mərkəzinin rəhbərlərinə müvafiq göstərişlər verilib.
Yarış günlərində tibb məntəqələri zəruri tibbi avadanlıq və dərman preparatları ilə tam təchiz olunacaq.
Tədbir müddətində bütün təhkim olunmuş tibb personalı səhər saat 08:00-dan gecə 00:00-a qədər növbəli rejimdə fəaliyyət göstərəcək.





