Azərbaycanda zeytun yağının bir litrinin 20 manata satılmasının səbəblərini iqtisadçı Xalid Kərimli Daylinews-az.com-ya verdiyi açıqlamada izah edib. O bildirib ki, qiymətlərin yüksək olmasının əsas səbəbi zeytun məhsulunun hələ kifayət qədər bol olmamasıdır.
İqtisadçı qeyd edib ki, Azərbaycanda əvvəllər zeytun bağları olsa da, onlar sonradan məhv edilib. Son 10 ildə kənd təsərrüfatı fermerləri tərəfindən yenidən zeytun bağları salınıb, lakin bu ağacların məhsul verməsi üçün vaxt tələb olunur. Hazırda bağlar məhsuldar dövrə çatmayıb, ağacların daha çox məhsul verməsi isə zaman alacaq.
Xalid Kərimli vurğulayıb ki, əgər zeytun məhsulu bol olarsa, qiymətlərin aşağı düşməsi mümkündür: “Ağacdan bir kiloqram zeytun yığanda bir qiymət, 20 kiloqram yığanda isə tamam başqa bir qiymət olacaq. Çox məhsul yığıldıqca bağlara qulluq və digər xərclər azalır.”
İqtisadçı əlavə edib ki, Azərbaycana İspaniya, Türkiyə və Yunanıstandan zeytun yağları gətirilir. Xaricdən gətirilən bu məhsullar bazarda müəyyən qiymət intervalı formalaşdırıb və yerli zeytun yağı satıcıları da öz məhsullarını bu qiymətə uyğun satırlar. Eyni zamanda, yerli məhsulun bolluğu olmadığı üçün sahibkarlar daha yüksək qiymətə satmağa meyillidirlər.