Yer planeti güclü maqnit qasırğasının təsiri altına düşüb. Bu, son üç ayda qeydə alınan ən ciddi hadisədir.
Daylinews-az.com-un məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası Telegram kanalında məlumat yayıb.
Sentyabrın 15-i, bazar ertəsi səhər saatlarında maqnit dalğalanmalarının səviyyəsi G3 (güclü qasırğa) həddinə yaxınlaşıb, gün ərzində isə G2 səviyyəsinə enib. Bu dəyişikliklər Günəş küləyinin sürətinin artması və Yerin böyük koronal dəliyin təsir zonasına daxil olması ilə əlaqələndirilir.
Alimlərin sözlərinə görə, bu hadisə bir neçə gün əvvəl proqnozlaşdırılsa da, qasırğanın real gücü gözlənildiyindən daha yüksək olub və ilkin hesablamaları üstələyib.
Növbəti günlərin proqnozu
Mütəxəssislər bildirirlər ki, maqnit sahəsində qeyri-sabitlik ən azı 4-6 gün davam edəcək. Vəziyyətin tam normallaşması yalnız 18-19 sentyabrda gözlənilir. Bununla belə, fasiləsiz qasırğalar olmayacaq, hadisə bir neçə saat davam edən dalğavari partlayışlar şəklində özünü göstərəcək.
Hazırkı dalğa sentyabrın 15-i, günün ikinci yarısında və ya axşam saatlarında zəifləyəcək.





