UFC-nin məşhur döyüşçüsü Konor Makqreqor (22-6, 19 KO) İrlandiya prezidentliyinə namizədliyini geri götürdü. Bu barədə idmançı sosial şəbəkə X-də açıqlama yayıb. “Ailəm ilə məsləhətləşdikdən və uzun düşüncələrdən sonra prezident seçkilərində namizədliyimi geri çəkirəm. Bu, asan qərar olmadı, amma hazırda doğru addım hesab edirəm”, – deyə Makqreqor yazıb.
Makqreqor hələ mart ayında prezidentliyə namizədliyini irəli sürmək niyyətini bildirmiş, sentyabrın əvvəlində isə seçkilərə qatılacağını rəsmən bəyan etmişdi. Lakin indi o, kampaniyanı davam etdirməmək qərarına gəlib.
Seçkilər və hazırkı prezident
Növbəti prezident seçkiləri 11 noyabr 2025-ci ildə keçiriləcək. Hazırda ölkəyə 2011-ci ildən bu postu tutan Maykl Hiqqins rəhbərlik edir. İrlandiyada prezident ümumi səsvermə yolu ilə 7 illik müddətə seçilir. İlk seçkilər isə 1938-ci ildə baş tutub. İndiyədək ölkədə 9 prezident olub.
36 yaşlı döyüşçü Dublində doğulub və qarışıq döyüş növlərində 28 döyüş keçirib, onların 22-də qalib gəlib. O, eyni vaxtda UFC-də həm yüngül, həm də yarım-yüngül çəki dərəcələrində çempion titullarının sahibi olub.





