UFC-nin tanınmış döyüşçüsü Konor Makqreqor idman karyerasına fasilə verərək siyasətə qədəm qoyur. Məşhur irlandiyalı döyüşçü 2025-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini elan edib. Onun əsas hədəfi — miqrasiya ilə bağlı Avropa Sazişinə qarşı çıxmaq və İrlandiyanın maraqlarını qorumaqdır.
Makqreqordan sərt bəyanatlar
Makqreqor bu barədə ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə görüşdükdən sonra X platformasında yazıb:
“Növbəti prezident seçkiləri noyabrın 11-dək baş tutmalıdır. Hökumətə qarşı duracaq başqa bir namizəd yoxdur. Onların irəli sürəcəyi heç bir namizəd müqavimət göstərməyəcək. Mən isə göstərəcəyəm!”
Makqreqor Avropa Miqrasiya Paktının parlamentdə və prezident tərəfindən təsdiqlənməsinə qarşı çıxaraq, bu məsələnin xalqın səsinə təqdim edilməli olduğunu bildirib.
“Prezident olsaydım, bu qanun layihəsini referendum vasitəsilə xalqa təqdim edərdim. Mən bu pakta qarşıyam, amma bu, nə mənim, nə də hökumətin qərarı olmalıdır. Bu, İrlandiya xalqının seçimi olmalıdır. Həmişə belə olub!”
O, həmçinin paktla bağlı parlament üzvlərinin razılığına təəccüb etdiyini və bu mövzuda açıq debatların keçirilməsini təklif edib.
Siyasi təcrübəsi yoxdur, amma Trampın dəstəyi var
Makqreqorun siyasi təcrübəsi olmasa da, onun ABŞ-ın sabiq prezidenti Donald Tramp tərəfindən dəstəkləndiyi bildirilir. Tramp bu yaxınlarda onu Oval kabinetdə qəbul edib və birgə şəkillər çəkdirilib. Bu görüş Makqreqorun siyasi cəhdlərinə beynəlxalq diqqət yönəldib.
Rinqi siyasət meydanına dəyişdi
Makqreqor bildirib ki, prezident seçkiləri kampaniyası uğrunda mübarizə aparmaq üçün döyüşlərə qayıtmaq planını ertələyib:
“İrlandiya, seçim sənindir və bu, asan seçimdir. Məni prezidentin kimi seç və gəlin İrlandiyanı BİRLİKDƏ XİLAS EDƏK!”
Konor Makqreqorun daha əvvəlki mesajları
Döyüşçü artıq sentyabr ayında prezidentliyə namizədlik ideyasını dilə gətirmişdi. O zaman bildirmişdi ki, ölkənin idarəçilik sistemini dəyişmək və parlamentin aşağı palatası olan Dáil Éireann-ın səlahiyyətlərini sual altına almaq istəyir:
“Prezident kimi, mənim Dáil-i çağırmaq və onu buraxmaq səlahiyyətim olacaq. Mən bu səlahiyyətlərin mahiyyətini yaxşı bilirəm. İrlandiyanın xalqı ilə tam məşğul olacaq aktiv bir prezidentə ehtiyacı var. Bu mənəm. Mən yeganə məntiqli seçiməm. 2025 yaxınlaşır.”





