Portuqaliyanın “Benfika” klubu Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”a 2:3 hesablı gözlənilməz məğlubiyyətdən sonra baş məşqçi Brunyu Laje ilə əməkdaşlığa son qoyub.
Klub prezidentindən açıqlama
Komandanın prezidenti Rui Koşta matçdan dərhal sonra keçirilən mətbuat konfransında qərarı ictimaiyyətə açıqlayıb:
“Bütün azarkeşlərə bildirmək istəyirəm ki, biz Brunyu Lajeylə razılığa gəldik – o, artıq komandanın baş məşqçisi deyil. Onun bu müddət ərzində göstərdiyi səylərə və “Benfika”ya olan sədaqətinə görə təşəkkür edirəm. Təəssüf ki, vaxt yetişdi və biz anlayırıq ki, komanda dəyişiklik tələb edir. Yeni məşqçinin şənbə gününə qədər təyin olunacağına ümid edirik”.
Müqavilənin qarşılıqlı razılaşma ilə pozulduğu bildirilir. “Benfika” rəhbərliyi yeni baş məşqçinin tezliklə açıqlanacağını və komandanın uğursuz startdan sonra toparlanacağını gözləyir.





