ABŞ-da məşhur müğənni Beyoncénin yayımlanmamış musiqi materiallarını oğurlayan şəxs məhkəmə qarşısına çıxarılıb. Hadisə ifaçının “Cowboy Carter” turnesi ərəfəsində baş verib və uzun müddət gündəmdə qalıb.
Məhkəmənin qərarına əsasən, 41 yaşlı Kelvin Evans iki il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, ona üç il sınaq müddəti də təyin olunub. O, avtomobilə qanunsuz daxil olma və oğurluq ittihamlarını qəbul edib. Hökm ABŞ-ın Corciya ştatının Fulton dairəsində elan olunub.
Oğurluq hadisəsi necə baş verib?
İstintaq materiallarına görə, hadisə 8 iyul 2025-ci ildə Atlantada qeydə alınıb. Evans müğənninin komandasına məxsus şəxslərin istifadə etdiyi kirayə Jeep Wagoneer avtomobilinə daxil olaraq oradan qiymətli əşyaları götürüb. Bu, Beyonsenin Atlanta şəhərində yerləşən Mercedes-Benz Stadiumdakı konsertlərindən qısa müddət əvvəl baş verib.
Avtomobilin sahibləri geri qayıtdıqda arxa şüşənin sındırıldığını və baqajın yoxa çıxdığını aşkar ediblər. Oğurlanan əşyalar arasında aşağıdakılar olub:
- iki ədəd MacBook noutbuku
- Apple markalı qulaqlıqlar
- dizayner geyimləri və aksesuarlar
- Beyonsenin yayımlanmamış musiqi materiallarının saxlandığı sərt disklər
Xoreoqraf Kristofer Qrant hüquq-mühafizə orqanlarına bildirib ki, həmin daşıyıcılarda “şəxsi və məxfi məlumatlar” da yer alıb.
Texnologiya oğrunun izinə düşməyə kömək etdi
İstintaq zamanı məlum olub ki, oğurlanan noutbuklarda izləmə funksiyası aktiv olub. Bu texnologiya vasitəsilə polis ehtimal edilən ünvanı müəyyənləşdirib və daha sonra Evans həmin məkanda saxlanılıb. Onun yanında oğurlanan əşyalara bənzər çamadanlar aşkarlanıb. Buna baxmayaraq, sərt disklər və bəzi digər əşyalar hələ də tapılmayıb.
Məhkəmə zamanı təqsirləndirilənin vəkili bildirib: “Evans gələcəkdə qanuni şəkildə pul qazanmaq və cəmiyyətin bir hissəsi olmaq istəyir”.
Hökmə əsasən, ona zərərçəkmiş şəxslərə və hadisənin baş verdiyi əraziyə yaxınlaşmaq da qadağan edilib. O, 2025-ci ilin avqustunda saxlanıldıqdan sonra həbsdə saxlanılırdı.
Qeyd edək ki, Beyonsenin “Cowboy Carter” albomu böyük uğur qazanıb. Müğənni bu layihə ilə “Grammy” mükafatlarında rekord sayda – 11 nominasiyada təmsil olunub və ilin albomu adına layiq görülüb.





