ABŞ-ın keçmiş prezidenti Co Baydendə aqressiv və yüksək dərəcəli xərçəng növü diaqnoz edilib, xəstəlik artıq sümüklərə metastaz verib. Bu barədə The New York Times nəşri Baydenin ofisinin açıqlamasına istinadla məlumat yayıb.
Diaqnoz prostat vəzindəki düyündən sonra qoyulub
Məlumata görə, ötən cümə günü Bayden sidik yollarında narahatlıqla bağlı şikayət etdikdən sonra həkimlər onun prostat vəzisində kiçik bir düyün aşkarlayıb. Daha ətraflı yoxlamalar nəticəsində 9 ballıq Qliason şkalası üzrə yüksək dərəcəli, sümüklərə yayılmış xərçəng forması müəyyən olunub.
Müalicə mümkün görünür
Açıqlamada qeyd olunur:
“Bu, daha aqressiv xərçəng formasına aiddir, lakin hormonlara həssas olduğu üçün onu effektiv şəkildə müalicə etmək mümkündür. Prezident və ailəsi hazırda həkimlərlə birlikdə mümkün müalicə variantlarını nəzərdən keçirirlər.”
Sağlamlıq vəziyyəti və siyasi nəticələr
82 yaşlı Co Bayden bu ilin yanvarında vəzifəsini tərk edib və ABŞ tarixində ən yaşlı prezident kimi yadda qalıb. Onun səhhəti və yaşı ilə bağlı narahatlıqlar prezidentlik müddəti boyunca geniş müzakirələrə səbəb olub və nəhayət, Demokratlar Partiyasının təzyiqi ilə ikinci müddətə namizədliyini irəli sürməmək qərarına gəlib.
CNN və Axios jurnalistlərinin yazdığı “İlk Günah” (Original Sin) adlı kitabda isə qeyd olunur ki, 2023–2024-cü illərdə Baydenin fiziki vəziyyəti o qədər pisləşmişdi ki, onun məsləhətçiləri gizli şəkildə təkrar seçildiyi təqdirdə əlil arabasından istifadəni müzakirə edirdilər.





