Ağ Evin nümayəndəsi ABŞ-ın Ukraynaya hərbi yardımını müvəqqəti dayandırdığını təsdiqləyib. Daylinews-Az, Reuters-ə istinadən bildirir ki, Ağ Ev bu qərarın Ukrayna böhranının həllinə töhfə vermək məqsədilə qəbul edildiyini açıqlayıb.
“Prezident [Donald Tramp] açıq şəkildə bildirib ki, o, sülhə fokuslanıb. Bizim tərəfdaşlarımızın da bu məqsədə sadiq olması vacibdir. Yardımımızı dondurub yenidən nəzərdən keçiririk ki, böhranın həllinə töhfə verə bilək”, – Ağ Ev rəsmisi bildirib.
The Wall Street Journal isə mövcud və keçmiş ABŞ rəsmilərinə istinadən yazıb ki, Tramp administrasiyası Ukraynaya yeni silah tədarükünün maliyyələşdirilməsini dayandırıb və hazırda ABŞ ehtiyatlarından silah göndərilməsinin tam dondurulmasını nəzərdən keçirir.
Bu qərar, ümumiyyətlə, Tramp administrasiyasının xarici yardımları məhdudlaşdırması fonunda qəbul edilib. Bununla belə, Ukraynaya silah tədarükünün əsas kanalının bloklanması, ABŞ prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenski ilə Ağ Evdə keçirdiyi gərgin görüşdən bir neçə gün sonra baş verib.
Tramp ABŞ-ın Ukraynaya hərbi yardımı tamamilə dayandıra biləcəyini də istisna etməyib.
The New York Times-ın məlumatına görə, Tramp 3 mart tarixində milli təhlükəsizlik komandası ilə Ukrayna məsələsini müzakirə etmək üçün görüş keçirəcək. Bu toplantıda Kiyevə hərbi yardımın tamamilə dayandırılması və ya ləğv edilməsi də daxil olmaqla müxtəlif tədbirlərin nəzərdən keçirilməsi gözlənilir.





