Bu il ilk tam ay tutulması 14 martda baş verəcək. Daylinews-Az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin astrofizika kafedrasından məlumat verilib. Tutulma 09:09:33-də başlayacaq və 12:47:48-də başa çatacaq. Hadisə ümumilikdə 3 saat 38 dəqiqə davam edəcək.
- Tam tutulma: 10:26:06-da başlayacaq, 11:31:26-da bitəcək.
- Maksimal faza: 10:59:56-da müşahidə olunacaq.
“Qanlı Ay” effekti
Tam tutulma zamanı Ay 65 dəqiqə ərzində qırmızı-narıncı rəngdə görünəcək. Bu hadisə Yer atmosferinin Günəş işığını süzməsi nəticəsində baş verir. Qısa dalğa uzunluğuna malik olan mavi işıq atmosferdə səpələndiyi üçün, yalnız uzun dalğalı qırmızı işıq Aya çatır və biz onu qırmızı-narıncı rəngdə görürük. Buna “Qanlı Ay” tutulması da deyilir.
Harada görünəcək?
Bu nadir astronomik hadisə ən yaxşı Şimali və Cənubi Amerikada müşahidə ediləcək. Bundan əlavə, Sakit okean, Amerika, Qərbi Avropa və Qərbi Afrikada da görünəcək. Azərbaycanda isə tutulma müşahidə olunmayacaq, çünki həmin vaxt Ay üfüq xəttindən aşağıda olacaq.





