TƏBİB-in tabeliyində fəaliyyət göstərən Ağciyər Xəstəlikləri Mərkəzinin yeni Pulmonologiya Xəstəxanasının açılış mərasimi keçirilib. Tədbirdə TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, İxtisaslı tibbi xidmətin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva, mərkəzin direktoru Nəhmət Rəhmanov və digər dövlət rəsmiləri iştirak ediblər.
Nəhmət Rəhmanov xəstəxananın Azərbaycanda tənəffüs sistemi xəstəliklərinin diaqnostika və müalicəsində ixtisaslaşmış yeganə tibb müəssisəsi olduğunu vurğulayıb: “Bu xəstəxananın açılışı tənəffüs sistemi xəstəliklərinin mövcud vəziyyətinin erkən aşkar olunması və müalicəsində yeni bir mərhələdir”.
Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində xəstələr ilkin mərhələdə triaja məruz qalır və xəstəliyin ağırlıq səviyyəsinə uyğun olaraq lazımi şöbələrə yönəldilir. Ambulator şöbədə pulmonoloq, ftiziatr, terapevt xidmətləri, həmçinin spirometriya, elektrokardioqrafiya, bronxoskopiya və digər prosedurlar üçün müasir avadanlıqlar mövcuddur.
40 çarpayılıq stasionar şöbələr isə havalı döşək və çoxfunksiyalı çarpayılarla təchiz olunub. Altı çarpayılıq reanimasiya və intensiv terapiya şöbəsində süni ventilyasiya aparatları, defibrillyator və monitorinq sistemləri fəaliyyət göstərir, 24 saat fasiləsiz tibbi yardım təmin edilir.
Xəstəxanada həmçinin rəqəmsal rentgen, ultrasəs müayinəsi cihazları, laboratoriya testləri üçün imkanlar yaradılıb. Qeydiyyat, aptek, texniki dəstək, qazanxana, camaşırxana və digər inzibati sahələr də tam təchizatlıdır.
Bu yeni tibbi müəssisə yüksək standartlara uyğun qurulub və sağlamlıq sektorunda inqilabi inkişaf hesab olunur.





