Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” (AZAL) marşrut şəbəkəsini genişləndirir. İyunun 15-dən etibarən AZAL Bakı–Təbriz–Bakı istiqamətində birbaşa reyslərə başlayacaq.
Şirkətin mətbuat xidmətindən Daylinews-az.com-a verilən məlumata görə, Bakı ilə Təbriz arasında aviareyslər həftədə iki dəfə – çərşənbə və bazar günləri həyata keçiriləcək.
İranın tarixi şəhəri olan Təbriz memarlıq abidələri, muzeyləri və zəngin mədəni irsi ilə tanınır. Yeni reysin açılması Azərbaycan və İran arasında mədəni və iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.
Tehrana UÇUŞLARIN SAYI ARTIRILIR
AZAL eyni zamanda Bakı–Tehran–Bakı istiqamətində reyslərin sayını da artırır. İyunun ortalarından etibarən bu istiqamətdə həftədə dörd dəfə – bazar ertəsi, cümə axşamı, cümə və şənbə günləri uçuşlar yerinə yetiriləcək.
Sərnişinlər aviabiletləri www.azal.az rəsmi saytı, AZAL-ın mobil tətbiqi, eləcə də kassalar və akkreditə olunmuş agentliklər vasitəsilə əldə edə bilərlər.





