Oktyabrın 3-də Minskdə Azərbaycan və Belarus baş nazirləri arasında görüş keçirilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Belarus Respublikasına rəsmi səfəri çərçivəsində Belarusun Baş naziri Roman Qolovçenko ilə müzakirələr aparılıb.
Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Görüş əvvəlcə məhdud tərkibdə baş tutub, sonra isə hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. Görüşdə Azərbaycan-Belarus arasındakı dövlətlərarası münasibətlərin yüksək səviyyədə inkişaf etməsindən məmnunluq ifadə olunub. Xüsusilə də iki ölkə prezidentlərinin birgə səyləri və sıx təmasları nəticəsində müxtəlif sahələrdə uğurlu tərəfdaşlığın genişlənməsi qeyd edilib. Bu baxımdan, Belarus Prezidentinin bu ilin may ayında Azərbaycana dövlət səfərinin əhəmiyyəti xüsusi vurğulanıb.
Hökumət başçıları arasında iqtisadi-ticari əlaqələrə dair aktual məsələlər müzakirə edilib. Cari ilin 8 ayı ərzində ticarət dövriyyəsinin 39 faiz artması təqdir olunub və bu artımın davam edəcəyinə dair əminlik ifadə olunub. Dövlət başçılarının qarşılıqlı maraq doğuran sahələr üzrə layihələrin hazırlanması ilə bağlı qərarlarının iki ölkə arasında çoxşaxəli əməkdaşlığa mühüm təkan verdiyi qeyd olunub.
Bundan əlavə, sənaye kooperasiyası, işğaldan azad edilmiş ərazilərdə aqroşəhərciklərin salınması və peşə təhsili sahələrində həyata keçirilən layihələrdə əldə olunan uğurlar vurğulanıb. Xüsusilə Gəncə Avtomobil Zavodu ilə Belarusun aparıcı maşınqayırma müəssisələri arasındakı uzunmüddətli əməkdaşlıq əlaqələrinə diqqət yetirilib.
Görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlığın davamlı inkişafı qeyd olunub, hər iki ölkənin kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünün artırılmasına hazırlıq ifadə olunub. Həmçinin, nəqliyyat və tranzit sahələrində əməkdaşlığın dərinləşdirilməsi zərurəti vurğulanıb.
Mədəni-humanitar sahədə əməkdaşlığın yüksək səviyyədə olması qeyd edilib və tərəflər mədəniyyət, elm və gənclər mübadiləsini intensivləşdirmək, eləcə də təhsil sahəsində əməkdaşlığı gücləndirmək niyyətlərini bildiriblər. Həmçinin, Belarus Prezidentinin dövlət səfəri zamanı iki ölkənin bir sıra şəhərləri arasında qardaşlaşmış şəhərlər əlaqələrinin yaradılması ilə bağlı imzalanan sazişlərin regionlararası əməkdaşlığa töhfə verdiyi bildirilib.
Turizm sahəsində də əməkdaşlığın genişlənməsi üçün böyük potensial olduğu vurğulanıb. Əli Əsədov və Roman Qolovçenko qarşılıqlı maraq doğuran bütün aktual məsələlər üzrə əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər.
Danışıqların yekununda Ağdam rayonunda kənd təsərrüfatı istehsalının inkişafı, səhiyyə sahəsində əməkdaşlıq, Ağdamın Qızıl Kəngərli kəndində aqroşəhərciyin layihələndirilməsi və yanğınsöndürmə avadanlığının tədarükü ilə bağlı bir sıra sənədlər imzalanıb.





