EvCəmiyyətAzərbaycanda pensiya yaşı azaldılacaq? – Mütəxəssisdən açıqlama

Azərbaycanda pensiya yaşı azaldılacaq? – Mütəxəssisdən açıqlama

Azərbaycanda pensiya yaşının azaldılması mövzusu son illərdə geniş müzakirə mövzusu olub. Cəmiyyət arasında bu məsələnin gündəmə gəlməsi vətəndaşların yaşlılıq dövrünü daha rahat keçirmək istəməsi ilə bağlıdır. Bəs ölkədə pensiya yaşının aşağı salınması mümkündürmü?

Mövzu ilə bağlı sosialoqu Üzeyir Şəfiyev Daylinews-az.com-a açıqlama verib. O, pensiya yaşının insanların orta ömür uzunluğu ilə əlaqəli olduğunu vurğulayıb:

“Pensiya yaşı, əsasən, ölkələrdə insanların real ömür uzunluğu ilə müəyyən edilir. Azərbaycanda kişilər üçün orta ömür uzunluğu 71, qadınlar üçün isə 76 ildir. Bu göstəricilərdən çıxış edərək, hazırkı pensiya yaşının nisbətən yüksək olduğunu deyə bilərik. Pensiya yaşı insanların real ömür uzunluğuna əsasən hesablanmalı və ona uyğun müəyyən edilməlidir. Buna əsasən, Azərbaycanda pensiya yaşının azaldılması müzakirə edilə bilər”, – deyə Şəfiyev bildirib.

Sosialoq həmçinin Azərbaycanda bəzi insanların pensiyaya çıxdıqdan sonra da işləməyə davam etməsinə də toxunub. O qeyd edib ki, Azərbaycanda kişilərin pensiya yaşı 65, qadınların isə 63-dür, lakin 2027-ci ildən qadınların pensiya yaşı da kişilərlə bərabərləşəcək. Şəfiyev bildirib ki, Azərbaycanda kişilər qadınlara nisbətən daha az ömür sürürlər və kişilərin təxminən 40 faizi pensiya yaşına çatmadan dünyasını dəyişir. Bu, çox ciddi sosial məsələdir və bu insanların pensiya kapitalından xəstəlik və ya maliyyə çətinlikləri zamanı istifadə etmək imkanının olması vacibdir.

“Çətin şərtlərdə işləyən vətəndaşlar üçün pensiya yaşının endirilməsi xüsusilə vacibdir, çünki onlar müəyyən yaşdan sonra həmin ağır işləri davam etdirə bilmirlər. Pensiya yaşına uyğun gəlməyən işçilər məcburən pensiyaya çıxdıqdan sonra da işləməyə məcbur olurlar. Bu insanların sağlam, rahat bir yaşlılıq dövrü keçirməsi üçün pensiya yaşı adekvat olaraq aşağı salınmalıdır”, – deyə Şəfiyev əlavə edib.

O, həmçinin alternativ pensiya fondlarının yaradılması ilə bağlı təkliflər də səsləndirib, lakin dövlətin bu istiqamətdə maliyyə imkanlarının məhdud ola biləcəyini qeyd edib.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər