Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlığı daha da genişləndirir. Yeni razılaşmaya əsasən, tərəflər “SİVRİSİNEK” adlı müasir pilotsuz uçuş aparatının (PUA) birgə istehsalını həyata keçirəcəklər. Layihə hər iki ölkənin texnoloji imkanlarının birləşdirilməsi baxımından mühüm addım hesab olunur.
Bu barədə məlumatı “Baykar” şirkətinin baş direktoru və “SAHA İstanbul”un İdarə Heyətinin sədri Haluk Bayraktar verib. Onun sözlərinə görə, “SAHA 2026” sərgisində təqdim olunan bir sıra PUA modellərinin istehsalı Azərbaycanda yerləşən zavodlarda təşkil olunacaq və bu siyahıya “SİVRİSİNEK” də daxildir:
“Bu aparat müasir hərbi texnologiyalar sırasında xüsusi yer tutur. Kiçik ölçülü olmasına baxmayaraq, əsasən yer hədəflərinə qarşı yüksək effektivliklə istifadə üçün nəzərdə tutulub”.
Texniki xüsusiyyətləri və imkanları
“SİVRİSİNEK” PUA-sı öz texniki göstəricilərinə görə diqqət çəkir və müxtəlif əməliyyatlarda istifadə oluna bilir. Aparatın əsas xüsusiyyətləri belədir:
- Uçuş məsafəsi: təxminən 900–1000 km
- Maksimum uçuş müddəti: 8–9 saatdan artıq
- Uzunluğu: 3.8 metr
- Qanad açıqlığı: 3.2 metr
- Sürəti: saatda təxminən 55 düyün (təxminən 100 km/saat)
Bundan əlavə, bəzi versiyalarda 10 km-dən 80 km-dən artıq məsafədə hədəfləri vurmaq imkanı mövcuddur. Sistem “fire and forget” (at və unut) prinsipi ilə işləyir ki, bu da operator müdaxiləsini minimuma endirir.
Müasir texnologiya və döyüş tətbiqi
PUA katapult vasitəsilə buraxılır və daxili yanma mühərriki ilə fəaliyyət göstərir. Süni intellekt əsaslı hədəf tanıma sistemi, həmçinin GNSS və elektro-optik idarəetmə texnologiyaları ilə təchiz olunması onu daha effektiv edir.
“SİVRİSİNEK” həm kəşfiyyat, həm də zərbə əməliyyatlarında istifadə edilə bilər. Kiçik ölçüsü və yüksək manevr qabiliyyəti isə onu müasir döyüş şəraitində çevik və təsirli vasitəyə çevirir.
Birgə istehsal layihəsi regionda müdafiə sənayesinin inkişafına təkan verə bilər və Azərbaycanın bu sahədə texnoloji imkanlarını daha da gücləndirə bilər.






