Azərbaycanda 4 fevral tarixində hava şəraitinin əsasən dəyişkən buludlu olacağı, bəzi saatlarda buludluluğun artacağı, lakin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman müşahidə ediləcək, gündüz isə cənub-qərb küləyi güclənəcək.
Bu barədə Daylinews-Az Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında gecə 4-7, gündüz isə 8-12 dərəcə isti olacağı proqnozlaşdırılır.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm-ə düşəcək. Nisbi rütubət 70-80% arasında dəyişəcək.
Bölgələrdə də hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman müşahidə olunacaq, şərq rayonlarında isə qərb küləyi güclənəcək.
Havanın temperaturu gecə -1 ilə +4 dərəcə arasında dəyişəcək, gündüz 10-15 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 6-11 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti gözlənilir.





