Azərbaycanda dövlət mülkiyyətində olan əmlakın, o cümlədən torpaq sahələrinin özəl mülkiyyətdəki əmlak və torpaqlarla qarşılıqlı razılıq əsasında dəyişdirilməsinə hüquqi imkan yaradılır. Bununla bağlı qanunvericiliyə yeni dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Hazırlanan qanun layihəsində Torpaq Məcəlləsinə, Mülki Məcəlləyə və “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna dəyişikliklər təklif olunur. Dəyişikliklər qəbul edilərsə, dövlət və vətəndaşlar arasında əmlak mübadiləsi üçün yeni hüquqi mexanizm formalaşacaq.
Bəzi torpaqlar mübadilə predmetindən kənarda qalacaq
Təklif edilən qaydalara əsasən, özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı, dövlətin müstəsna mülkiyyətində olan torpaqlar və dövlət ehtiyacları üçün ayrılmış sahələr mübadilə prosesinə cəlb edilməyəcək.
Mübadilə ediləcək əmlakların dəyəri müstəqil qiymətləndirici tərəfindən müəyyənləşdiriləcək. Qiymətləndirmə zamanı bazarda formalaşmış real alqı-satqı qiymətləri əsas götürüləcək. Bununla yanaşı, qanuna təklif olunan dəyişikliklər dövlət qurumları və bələdiyyələrə də qiymətləndirmə fəaliyyətinin sifarişçisi statusunu verəcək.
Yeni mexanizmin tətbiqi üçün qanun qüvvəyə mindikdən sonra dövlət əmlakının və torpaqların özəl mülkiyyətlə dəyişdirilməsi qaydaları ayrıca təsdiqlənəcək.
Əmlak bazarında aktivliyin artacağı gözlənilir
Mütəxəssislərin fikrincə, yeni hüquqi mexanizm torpaq və əmlak resurslarından daha səmərəli istifadə olunmasına şərait yarada bilər. Eyni zamanda, torpaq bazarında dövriyyənin genişlənməsi, investisiya imkanlarının artması və mülkiyyət münasibətlərinin daha çevik şəkildə tənzimlənməsi üçün əlavə imkanlar yaradacaq.
Qanun layihəsinin əsas məqsədlərindən biri dövlətin mülki dövriyyədə digər hüquq subyektləri ilə bərabər şərtlərlə iştirakını təmin etməkdir. Bu yanaşmanın həm iqtisadi aktivliyə müsbət təsir göstərəcəyi, həm də dövlət və vətəndaşlar arasında qarşılıqlı razılaşmaya əsaslanan əmlak münasibətlərini genişləndirəcəyi gözlənilir.





