Azərbaycanda attestat, diplom və sertifikatların verilmə qaydasında mühüm dəyişiklik edilir. Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qərara əsasən, yaxın vaxtlarda bütün təhsil sənədləri tamamilə elektron formata keçiriləcək və kağız daşıyıcılar dövriyyədən çıxarılacaq.
Elektron sənədlərə keçidin vaxtı
Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə bildirib ki, dəyişiklik artıq cari tədris ilinin sonunda qüvvəyə minəcək.
Onun sözlərinə görə, hazırda keçid dövrü tətbiq olunur və bəzi şagird və tələbələr bu mərhələdə hələ də kağız sənəd ala biləcəklər. Lakin gələn tədris ilindən etibarən bütün sənədlər istisnasız olaraq elektron qaydada təqdim ediləcək.
Vüsal Xanlarov Baku TV-yə açıqlamasında elektron sistemin həm sürət, həm də etibarlılıq baxımından ciddi üstünlüklər verdiyini vurğulayıb:
“Elektron sənədlərin yoxlanması daha rahat olacaq və onları saxtalaşdırmaq mümkün deyil. Bu, neqativ halların tam qarşısını alır. Eyni zamanda sənədlərin verilməsi prosesi xeyli sürətlənəcək”.
Nazirlik rəsmisinin sözlərinə görə, elektron format həm dövlət qurumları, həm də işəgötürənlər üçün verifikasiya prosesini sadələşdirəcək, insan amilindən qaynaqlanan gecikmələrin və itkilərin qarşısını alacaq.
Bu addım ölkənin təhsil sistemində rəqəmsal dönüşümün növbəti mərhələsi hesab olunur və sənədlərin tədavülündə şəffaflığın artırılmasına xidmət edir.





