Azərbaycanda icbari tibbi sığorta və sosial ekspertiza sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı yeni qərar qəbul edilib. Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi birləşdirilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yeni qurum – Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi yaradılır.
Yeni agentlik icbari tibbi sığortanın tətbiqi, tibbi xidmətlərin maliyyələşdirilməsi və fond vəsaitlərinin idarə olunması funksiyalarını həyata keçirəcək. Qurum həmçinin əlilliyin müəyyən edilməsi və hərbi xidmətə çağırılan şəxslərin tibbi müayinəsi sahəsində fəaliyyət göstərəcək.
Eyni zamanda bəzi səlahiyyətlər digər qurumlara ötürülür. Sığorta olunanların dərman və tibbi vasitələrlə təminatı TƏBİB-ə verilir, reabilitasiya xidmətləri isə Sosial Xidmətlər Agentliyinə həvalə olunur.
Yeni agentlik əvvəlki qurumların hüquqi varisi olacaq və onların bütün hüquq və öhdəliklərini öz üzərinə götürəcək. Qurumun fəaliyyətinə 5 nəfərlik İdarə Heyəti rəhbərlik edəcək.
Qeyd olunur ki, bu dəyişikliklər icbari tibbi sığorta sisteminin daha effektiv idarə olunmasına və sosial xidmətlərin optimallaşdırılmasına yönəlib.





